Qadin.NET / Bu addım Respublika Gününə ən gözəl töhfə oldu

Bu addım Respublika Gününə ən gözəl töhfə oldu

Bu addım Respublika Gününə ən gözəl töhfə oldu
Amnistiya Aktı özlüyündə ən humanist addım, ən humanist düşüncə və insani müstəvidə ortaya gətirilmiş bir fikirdir. Sadəcə qanun formasına salınır ki, onu reallaşdırmaq mümkün olsun. Azərbaycanda hər bir insanın ürəyindən olan və kifayət qədər rəğbətlə qarşılanan, böyük ictimai-siyasi əhəmiyyət daşıyan bu təşəbbüsü bir neçə aspektdən müsbət qiymətləndirmək olar.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş Amnistiya Aktının əhəmiyyətini şərh edərkən deyib.Millət vəkilinin sözlərinə görə, əvvəla, buna ilk növbədə siyasi müstəvidə baxmaq lazımdır: "Bu akt Respublika Gününə həsr olunub. Respublika Günü Azərbaycanın tarixi taleyində şərəf və ləqaqət təqvimidir. Aktın ən böyük özəlliyi də onun məhz 28 May gününə həsr olunmasıdır. Çünki bu, bütün varlığını bu millətin yolunda qurban verən insanların qurduğu və tarixə istiqlal günü kimi daxil olan o günə bir münasibətin ifadəsidir. Bu münasibətin özündə vətəndaşlıq mövqeyi, milli hiss və milli müstəvidə düşünmə mövqeyi ifadə olunur.

Biz müstəqilliyi yenidən bərpa etmək və onu qoruyub saxlamaq üçün kifayət qədər qurbanlar verdik. Azərbaycanın, demək olar ki, hər bir kəndində şəhid məzarı var. Paytaxtın ən görkəmli yerində Şəhidlər xiyabanı yerləşir. Bu xiyaban məhz bu günün naminə qurban gedən insanların anım yeridir. İndi o xiyabanda yatan şəhidlərimizin ruhu şaddır ki, uğrunda qurban getdikləri Vətənin bu təqvim günü belə şərəf, hörmət və izzətlə qeyd olunur".F.İbrahimlinin sözlərinə görə, bu həm də Azərbaycana qarşı daim insan hüquqları ilə bağlı təzyiqlər göstərən dövlətlərin qarşısına qoyulmalı bir addımdır: "Buyurun, Azərbaycanda nəinki azadlıqda olan insanların, hətta cinayət törətmiş, həbsxanada yatan insanların da hüquqlarına yüksək səviyyədə hörmət olunur. Amnistiya Aktı isə bunun bir ifadəsidir".Onun fikrincə, bu məsələnin həm də tərbiyəvi və ictimai əhəmiyyəti var: "Həbsxanaya təsadüfən, Tanrının verdiyi hökmdən kənar atdığı səhv addımlar ucbatından düşən və daha sonra kifayət qədər peşmanlıq çəkən insanların azad olunması onların yenidən həyata qayıtması deməkdir. Güman edirəm ki, onlar azad edildikdən sonra Azərbaycan üçün dəyərli vətəndaşa çevriləcək və cinayət düşüncəsi əxlaqlarından tamamilə silinib gedəcək.

Nəhayət, 10 min nəfəri əhatə edən Amnistiya Aktı minlərlə ananın qəlbindəki kədərə son qoydu. Minlərlə ananın gözləri yollarda idi, onlar evlə həbsxana arasında qalmışdılar, indi isə bu bəladan, müsibətdən qurtulurlar. Minlərlə körpə atalarını gözləyirdi, indi onlar valideynlərinə qovuşacaqlar. Yüzlərlə qadın övladı azadlıqda, özləri həbsxanada sabahı göz yaşları içində açırdı, indi onlar da azad olacaqlar. Ona görə də bu Aktın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Qoy Allah da onlara və ailələrinə bunun əvəzini versin". Qeyd edək ki, Milli Məclisin mayın 20-də keçirilən plenar iclasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib.

Ümumilikdə Amnistiya Aktının 10 min nəfəri əhatə edəcəyi gözlənilir. Onlardan 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Xatırladaq ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciəti olub.

Mənbə: Milli.Az

21 may 2016
GO BACK