Milli.Az Trend-ə istinadən bildirir ki, mayın 20-də DW-nin Fars bölməsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın 20 faiz torpaqları 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunub, Qarabağdan əlavə, 7 rayon da erməni silahlı bölmələrinin işğalı altındadır və bir milyona yaxın insan hazırda qaçqın və məcburi köçkün həyatı yaşayır.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev DW-yə müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada keçirilən görüşündə iyun ayından hərtərəfli siyasi proseslər və müzakirələrin keçirilməsi üçün razılıq əldə olunduğunu deyib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin mərhələli həlli üçün imkanlar yaranıb.
"Azərbaycan həmişə substantiv danışıqlara hazırdır", - deyən H.Hacıyev əlavə edib ki, əsas diqqət hazırda status-kvonun dəyişilməsi və münaqişənin mərhələli yolla həllinə yönəldilib, bunun üçün isə ilk növbədə işğal olunmuş ərazilər geri qaytarılmalı və qaçqınlar öz yurdlarına qayıtmalıdırlar.
Qarabağda Rusiya hərbçilərinin sülhməramlı qüvvə kimi yerləşdirilməsi məsələsinə gəldikdə isə H.Haciyev bildirib ki, ümumiyyətlə bu məsələ indiki mərhələdə müzakirələrin predmeti deyil.
DW yazır ki, hələlik Ermənistan ordusunun işğal olunmuş 5 rayondan çıxarılması növbəti görüşün müzakirə mövzusu olacaq.
Trend İnformasiya Agentliyinin Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu isə DW-yə müsahibəsində bildirib ki, Ermənistan Dağlıq Qarabağdan əlavə, 7 rayonu da işğal edib, güya Qarabağa təhlükəsizlik çəpəri çəkir, amma bu, işğal üçün sırf bəhanədir.
D.Xatınoğlu bildirib ki, supergüclər Qarabağ müzakirələrini öz maraqları çərçivəsində yönləndirməyə çalışmamalıdırlar: "Azərbaycanın Avrasiya İttifaqı və Gömrük Birliyinə qoşulmasına çağırışlar oldu. Qarabağın taleyi xarici maraqlar çərçivəsində həll edilməməlidir".
Almaniyanın Elm və Siyasət Təşkilatının Qafqaz üzrə eksperti Uve Halbax (Uwe Halbach) isə DW-yə bildirib ki, beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistandan tələb edib ki, işğal etdiyi əraziləri azad etsin, ancaq Yerevan buna razı olmayıb: "Elə bir şərait yaradılmalıdır ki, Ermənistan təyin olunmuş bir vaxt çərçivəsində rayonları boşaltsın və qaçqınlar geri qayıtsınlar".
U.Halbax davam edən status-kvonun dəyişməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə lazımdır.
Mənbə: Milli.Az