Qadin.NET / ABŞ-dan Əliyev və Sarkisyana Qarabağ zəngi

ABŞ-dan Əliyev və Sarkisyana Qarabağ zəngi

ABŞ-dan Əliyev və Sarkisyana Qarabağ zəngi
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.ANS PRESS-in məlumatına görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. Prezident İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.

Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.

İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.

Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Co Bayden Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə müzakirə aparmaq üçün Ermənistan prezidenti Serj Sarkisyanla da telefon danışığı aparıb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat verib.Tərəflər telefon danışığında Vyanada ATƏT-in həmsədr ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların “hərtərəfli və produktiv şəkildə həyata keçirilməsinin vacibliyini” qeyd edib. Tərəflər həmçinin bu məsələdə həmrəy olduqlarını, münaqişənin həllinin ancaq dinc yolla mümkün olduğunu bildiriblər.

Mənbə: ANS PRESS

21 may 2016
GO BACK