Milli.Az Azərtac-a istinadən bildirir ki, Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərindən danışaraq iki ölkənin parlamentariləri arasında konstruktiv dialoq aparıldığını, bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətin olduğunu qeyd edib.
O, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın davam etdiriləcəyini bildirib. Mahaçqalada görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin abidəsinin ucaldılmasını mühüm hadisə adlandıran V.Matviyenko onun Azərbaycan və Dağıstan xalqları qarşısında xidmətlərindən danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan rusiyalı siyasətçi ölkəsinin bu problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirib.
Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tərəflərin Vyana görüşü və bu görüşün nəticələri barədə məlumat verib. Azərbaycan parlamentinin sədri Prezident Vladimir Putinin münaqişənin sülh yolu ilə həlli istiqamətdə vasitəçilik səylərini yüksək dəyərləndirib.
Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini deyən Milli Məclisin sədri regional əlaqələrin əhəmiyyətini vurğulayıb, bu yaxınlarda keçirilmiş Dağıstan Mədəniyyəti Günlərinin Azərbaycan ilə Rusiya regionları arasında dostluq əlaqələrinin yüksək səviyyədə olmasının sübutu kimi qiymətləndirib.Görüşdə Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova "Federasiya Şurasının 20 illiyi medalı"nı təqdim edib.
Mənbə: Milli.Az