ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi Amos Hokstayn “İnterfax" agentliyinə müsahibəsi zamanı deyib.O bildirib ki, Cənub Qaz Dəhlizi vasitəsilə ilk mərhələdə Azərbaycan qazı Avropaya nəql olunacaq. "Daha sonra həmin kəmərlər üzrə gələcəkdə Türkmənistan qazı da Avropa bazarına çıxa bilər. Başqa sözlə desək, Avropaya yeni enerji mənbələri gəlir", - deyə Hokstayn qeyd edib.
ABŞ rəsmisi deyib ki, Bolqarıstan və Serbiya Rusiyadan 100 faiz qaz alır. “Ona görə də biz rəqabət görmək istəyirik. Məsələn, Azərbaycan qazı ilə. Azərbaycan qazı Rusiyanın mavi yanacağı ilə rəqabət aparacaq”.
Departament nümayəndəsi Rusiyanın "Şimal axını-2" layihəsinə də münasibət bildirib. O, bu kəmərin ticarət əhəmiyyəti daşımadığını deyib. “Rusiyanın istəyi Ukraynaya siyasi təzyiq göstərməkdir. Çünki Ukraynanın tranzitdən gəliri 2 milyard dollardan çoxdur. Bu təzyiq isə Ukraynanı gəlirlərindən məhrum edə bilər. Hazırda Rusiyanın “Şimal axını-1” layihəsi fəaliyyətdədir. İnfrastruktur da mövcudur. Amma kəmərin yalnız 70 faizi qazla dola bilir. Ona görə də yeni “Şimal axını-2” layihəsinin ticarət əhəmiyyəti yoxdur”, - deyə ABŞ rəsmisi bildirib.Bundan əvvəl də Avropa və ABŞ Rusiyanın həyata keçirdiyi layihələri region üçün təhlükə adlandırıb. ABŞ-ın yüksək rütbəli məmurları da Rusiyanın təhlükəli oyunlar oynadığını dəfələrlə diqqətə çatdırıblar.
ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi Amos Hokstayn demişdi ki, Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsi Avropa üçün risklər yaradır. "Türkiyənin TANAP layihəsinə dəstək vermək daha məntiqli olar”.O deyib ki, Rusiyanın bu layihələri Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir. Həmçinin Türkiyə ilə birgə həyata keçirilən “Türk axını” layihəsi də iki ölkə arasında qırıcı qalmaqalından sonra təxirə salındı.
ABŞ rəsmisi demişdi ki, TANAP layihəsi daha çox önəmə sahibdir.
“Bu layihənin tikintisini sürətləndirmək daha əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi (CQD) regiona həm iqtisadi, həm də təhlükəsizlik baxımından əlavə şanslar qazandıra bilər. Layihə Azərbaycan, Xəzər bölgəsi, Türkiyə və Avropa üçün iqtisadi və geosiyasi önəmə sahibdir”, - deyə Hokstayn bildirib.
Ümumilikdə, TAP qaz boru xəttinin tikintisinə başlanılması Rusiyanı narahat edir. Bunu Rusiya mətbuatında yazılan məqalələrdən də görmək olur. Çünki yazılarda Rusiyanın Avropa bazarını və xüsusilə İtaliya bazarını itirəcəyi bildirilir.
Mənbə: ANS PRESS