Qadin.NET / Ermənistan işğalından azad edilən ərazilər açıqlandı

Ermənistan işğalından azad edilən ərazilər açıqlandı

Ermənistan işğalından azad edilən ərazilər açıqlandı
Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini, nəhayət ki, rəsmən təsdiq edib.

ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı qüvvələrinin hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.Erməni tərəfindən fərqli olaraq Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Bundan sonra da qarşı tərəfin heç bir təxribatı cavabsız qalmayacaq.

Ermənistanın aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə yaydığı rəqəmlər də həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır.Azərbaycan prezidenti İlham Əliyevlə Vyana görüşlərindən geri dönən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan silahlı qüvvələrinin aprel döyüşlərində cəmi 800 hektar işğal olunmuş ərziyə nəzarəti itirdiyini bildirb. Eyni zamanda, Sarkisyan Ermənistan silahlı qüvvələrinin ümumuilikdə 800 min hektar Azərbaycan ərazisini işğal etdiyini etiraf  edib.

Əslində isə Ermənistan prezidentinin etirafı tam olmayıb. Bütünlükdə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşüb, Azərbaycanın 12246.6 kvadrat km, yəni 1,22 milyon hektar ərazisi işğal edilib.  

Mənbə: ANS PRESS

18 may 2016
GO BACK