Son bir neçə il ərzində Ukraynadan Azərbaycana taxıl ixracı azalıb. ANS PRESS-in məlumatına görə, bu barədə "APK-Inform” nəşrinə taxıl ixracı ilə məşğul olan Azərbaycan şirkətlərindən birinin rəhbəri Rəfail Mahmudov deyib.
O, azalmanın əsas səbəbini əlverişsiz logistika şərtləri ilə əlaqələndirib. “Rusiya və Ukrayna arasında siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar son bir neçə mövsüm ərzində Xəzər və Qara dəniz regionunda taxıl məhsullarının bazara çıxışı mürəkkəbləşib. Çünki Ukraynadan ixrac olunan taxıl Azərbaycana Gürcüstanın Poti limanından keçməklə dəniz yolu ilə çatdırılır”,-deyə şirkət rəhbəri bildirib.Rəfail Mahmudov bildirib ki, dənizlə daşımalar quru yolundan daha baha başa gəlir. “Bu səbəbdən Azərbaycana taxıl məhsullarının gətirilməsində azalmalar qeydə alınıb”. Azərbaycan daxili və xarici imkanlar hesabına əhalini taxılla təmin edir.
Ümumilikdə, Dövlət Taxıl Fondu hər il ehtiyat üçün aldığı 800 min ton buğdanın əsas hissəsini idxal edir. Məhsuldarlığın aşağı olması üzündən Azərbaycan hər il 1,4 milyon tona yaxın buğda idxal etməyə məcbur olur. Bununla bağlı hər il ölkədən 250 milyon dollara yaxın pul çıxır. Həmçinin 2015-ci ildə Azərbaycanda 1,7 milyon ton buğda yığılıb.
Ukraynadan taxıl idxalında problemlərin yaranması ilə bağlı iddialara münasibət bildirən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov ANS-ə açıqlamasında deyib ki, nazirlikdə Azərbaycana taxıl idxalın azalması barədə məlumat yoxdur. “Həmçinin Azərbaycanın yetəri qədər taxıl ehtiyatı var. Bu hal baş verəsə belə taxılla təminata heç bir təsir göstərməyəcək”,-deyə İmran Cümşüdov bildirdi. Ümumilikdə, Ukrayna Azərbaycan əhalisinin taxılla təminatına əsas rola malik olan dövlətlərdəndir. Əlbəttə ki, Rusiya ilə Ukrayna arasında baş verən gərginlik regoinun siyasi mənzərəsinə təsir etdiyi kimi iqtisadi siferasınada təsirsiz ötüşmür.Rusiya ilə əlaqələrin pisləşməsi nəticəsində rəsmi Moskvanın Ukraynanın yük maşınlarına və qatarlarına ölkə ərazisində keçməyə icazə vermir. Rusiya Ukrayna mallarına qarşı bu qadağanı 2016-cı il yanvarın 1-dən tətbiq edir. Həmin vaxtdan etibarən Ukrayna Rusiyadan kənar yollardan öz məhsullarını xaricə çıxarmağa məcbur olub.
Rəsmi Kiyev gərgin danışıqlardan sonra yanvarın 14-də Ukrayna, Azərbaycan, Qazaxıstan və Gürcüstan rəqabətqabiliyyətli, güzəştli tariflərlə yük daşınması üçün bu nəqliyyat marşrutu üzrə protokolu imzalayıb.
Mənbə: ANS PRESS