Ermənistan Helsinki Komitəsinin sədri, tanınmış erməni hüquq müdafiəçisi və politoloq Avetik İşxanyan dünən İrəvandakı "Kongress" otelinin konfrans-zalında keçirdiyi mətbuat konfransında belə deyib.
Milli.Az "Aravot"a istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyanın və onun hakimiyyətinin yol verdikləri kobud səhvlər, xarici siyasətdəki zəiflik ermənilərin "dördgünlük müharibə"də məğlubiyyətinə səbəb oldu.
"Xarici siyasət, diplomatiya, milli təhlükəsizlik və müdafiə sahələrində çox ciddi problemlər var. Azərbaycan bu sahələrdə bizdən güclüdür və bunu etiraf etməliyik. "Dördgünlük müharibə"nin özü və sonucları erməni cəmiyyətində xeyli suallar yaradıb.Çoxları deyirlər ki, məsuliyyəti hakimiyyət daşıyır. Amma mən deyirəm ki, baş verənlərin əsas günahkarı bizik, yəni Ermənistanın vətəndaşları. Azərbaycan qüvvəsinə və imkanlarına güvənməsəydi, bu hərbi əməliyyatlar olmayacaqdı. Biz güclü dövlət deyilik. Ədalətli məhkəmə sistemi yoxdur, insan haqları sürəkli pozulur, milyardlarla dollar mənimsənilir.
Halbuki büdcədən oğurlanan pullarla Ermənistan ordusunu normal təmin etmək, əsgərlərimizə müasir silahlar və hərbi texnika vermək olardı. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olanda Serj Sarkisyan bunu "ermənilər üçün çox faydalı iş" kimi qələmə verdi.
Bəs nə oldu, hanı o birlik?! Niyə "dördgünlük müharibə"də Ermənistana hətta ən yaxın bildiyi müttəfiqləri və dostları arxa çevirdilər?! Deməli, həmin ölkələr bizə nə dost, nə də müttəfiqdir.
Serj Sarkisyan Levon Ter-Petrosyanla görüşdü, sonra Ter-Petrosyan Dağlıq Qarabağa gedib orada görüşlər keçirdi. Həmin görüşlərdə nədən danışıldı, hansı mövzular müzakirə olundu - bu barədə heç bir açıqlama verilmədi.
Yəni vətəndaşlara yenə yalan danışıldı. Belə olmaz. Belə davam edərsə, bizi məğlubiyyətlər gözləyir. Ermənistanda bütün siyasi məhbuslar azad edilməli, köklü və genişmiqyaslı islahatlara başlanmalı, Manvel Qriqoryan və Surik Xaçatryan kimi adamlar həbs olunmalıdır", - A.İşxanyan deyib.
Xatırladaq ki, general Manvel Qriqoryan Ermənistandakı "Yerkarapa" Könüllülər İttifaqının sədri, Dağlıq Qarabağda azərbaycanlılara qarşı vəhşiliklər və terror törətmiş şəxs, Surik Xaçatryan isə Ermənistanın Sünik vilayətinin qubernatorudur.
Mənbə: Milli.Az