Mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin "Qızıl Ulduz" medalları təqdim edilib.
Təqdimetmə mərasimində çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək, onların qəhərmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla igidlərimizin yeni tarix yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb.
Şəhidlərimizin qisasının alındığını və bundan sonra da alınacağını, onların qanının yerdə qalmayacağını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacağını xüsusi qeyd edib.Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.
Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib.
Milli Qəhrəmanlarımızın ailə üzvləri Fizzə Mirzəyeva və Gülağa İmanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, əzizlərinin şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını vurğulayıblar.
Bildirilib ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad olunacaq və o zaman əzizlərinin şəhid ruhları dinclik tapacaqdır.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.
Mənbə: ANS PRESS