Görüşün bu gün axşam saatlarında baş tutacağı bildirilir. Görüş zamanı iki ölkənin nümayəndəsi Suriya, Ukrayna və Dağlıq Qarabağa dair məsələləri müzakirə edəcəklər.
Bu gün həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşünün keçiriləcəyi bildirilir. Görüş barədə ilk məlumat mayın 12-də yayılmışdı. Prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun təşəbüsü ilə təşkil edilir. Minsk qrupu görüş barədə bəyanat yayıb.
"Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasına ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".
Görüşdə prezidentlərdən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də olacaq.
Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İlham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub. Həmin görüş ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekuna dair ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar, həmçinin Minsk qrupu formatına sadiqliklərini davam etdirəcəklərini də bildiriblər.
Dekabrda keçirilən görüş zamanı da cəbhə xəttində gərginliklər müşahidə olunurdu.
Mənbə: ANS PRESS