Qadin.NET / Türkiyədə şiddətli döyüş, çox sayda şəhid var

Türkiyədə şiddətli döyüş, çox sayda şəhid var

 

Türkiyədə şiddətli döyüş, çox sayda şəhid var

Türkiyədə bir ilə yaxındır davam edən antiterror əməliyyatları çərçivəsində bu gecə gərgin anlar yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, terrorçularla toqquşma Hakkarinin Çukurca rayonunda baş verib. İlkin məlumata görə, səhərə yaxın baş verən toqquşma zamanı 6 əsgər şəhid olub. 8 nəfər yaralanıb. Köməyə gedən helikopter isə qəzaya uğrayıb. Helikopterdə olan iki hərbçi də şəhid olub.

 

Baş verən hadisə ilə bağlı Türkiyə baş qərargahı açıqlama yayıb. Açıqlamada deyilir: 

"13 may saat 04.50-də Hakkari Çukurca Çığlı bazasında terrorçularla qarşıdurma baş verib. 6 qəhrəman silah yoldaşımız şəhid olub. Müdaxilə üçün əraziyə cəlb edilən helikopter də qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Helikopterdə olan iki hərbçimiz də şəhid olub. Qəza ilə bağlı araşdırma aparılır. İndiyə qədər 6 terrorçu məhv edilib.

Terrorçuları zərərsizləşdirmək üçün bölgəyə "F-16" təyyarəsi, pilotsuz uçan aparat, əlavə canlı qüvvələr cəlb edilib. Əməliyyat davam edir". 

Türkiyədə antiterror əməliyyatları ötən ilin yay aylarında başlayıb. Bir neçə ay öncə prezident Rəcəb Tayyib Ərdoğan əməliyyatlar nəticəsində minlərlə terrorçunun məhv edildiyini, türk ordusunun da yüzlərlə hərbçi və polisinin şəhid olduğunu açıqlamışdı. Antiterror əməliyyatları ölkənin şərqində keçirilir və əsasən Mardin, Hakkari, Şırnak bölgələrini əhatə edir. 

Hakkari vilayətinin Yüksəkova rayonunda ordu və polis böyük anti-terror əməliyyatına mart ayında başlayıb. Anti-terror əməliyyatına 20 min əsgər və polis qatılacaq. Cizrə, Silopi, Sur və İdil rayonlarındakı əməliyyatlardan fərqli olaraq Yüksəkovadakı əməliyyat rayon mərkəzləri ilə məhdulaşmayacaq, İran və İraq sərhədlərinə qədər olan əraziləri də əhatə edib. Ancaq Yüksəkova rayonunda 2 minə qədər PKK terrorçusunun olduğu bildirilir.

Mənbə: ANS PRESS

13 may 2016
GO BACK