Qadin.NET / Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"

Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"

 

Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"

"Dağlıq Qarabağda aprelin 1-də qəflətən başlanmış müharibə aprelin 5-də qəlfətən də başa çatdı. Daha doğrusu, bu müharibənin ilk hissəsi başa çatdı. Çünki Azərbaycan yeni hərbi əməliyyatlara həmişə hazırdır və azərbaycanlılar, əslində, döyüşlə kəşfiyyat apardılar. "Dördgünlük müharibə"nin ilkin nəticələri bəllidir. Acı olsa da, etiraf etməliyik - uduzduq".

 

Ermənistanın tanınmış publisistlərindən olan Karapet Kalençyan armtoday-da dərc olunmuş məqaləsində belə yazır.

Məqaləni müəyyən ixtisarlarla təqdim edirik: "Bu hərbi əməliyyatların nəticələri bir çox suallara cavab verilməsini tələb edir. Necə oldu ki, Azərbaycan ordusu bizim bir neçə postumuzu ildırım sürətilə ələ keçirdi: halbuki həmin postların ətrafında piyada və tank əleyhinə minalar dolu idi.Necə oldu ki, erməni hərbçiləri itkin düşdülər? Onlar hara yox olublar, sağdırlar, yoxsa həlak olublar - hələ də bilmirik.

Azərbaycan ordusu Dağlıq Qarabağın şimal-şərq və cənub istiqamətlərində hücuma keçdi. Mövqelərimiz vuruldu. Şimaldakı Madagiz kəndinin 80 faizi məhv olunub. Dağlıq Qarabağdakı ermənilər arasında panika var, əhali qaçır.
Buna görə bəzi məqamları ayıraq və onlara nəzər salaq.

1. Ermənistan yenə də Dağlıq Qarabağın müstəqilliyini tanıya bilmədi. Bununla bağlı qanun layihəsi var, müzakirələr oldu, amma ABŞ və Rusiyanın təzyiqlərindən sonra geri çəkildik. Üstəlik, Azərbaycanın "Ermənistan Dağlıq Qarabağı rəsmən tanıyarsa, müharibəyə başlaycağıq" bəyanatı deyəsən, prezident Serj Sarkisyanı qorxutdu. Nədən qorxduq, niyə çəkindik - hakimiyyət hələ də normal açıqlama vermir.

2. Dağlıq Qarabağdakı "dördgünlük müharibə" göstərdi ki, Ermənistanın hazırda nə MDB-də, nə də Avropada faktiki olaraq müttəfiqləri və tərəfdaşları yoxdur. Fiziki və siyasi baxımdan blokadada qaldıq. Azərbaycanın qarşısında tək qalmışıq. Avropa Şurası, ATƏT, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Avrasiya İttifaqının üzvü olsaq da, bu təşkilatların heç bir Ermənistana dəstək olmadı. Tam əksinə, ATƏT-in sədri Pedro Aqramaunt "dördgünlük müharibə" ilə bağlı çıxış edəndə yenə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipinə sadiq olduqlarını dedilər. Ermənistanla yanaşı, Rusiya, Qazaxıstan və Qırğızıstanın da təmsil olunduqları KTMT-nin üzvü Belarusun prezidenti situasiyanı elə şərh etdi, Azərbaycanı birmənalı olaraq elə dəstəklədi ki, Ermənistanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verməli oldu. Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevlə Dağlıq Qarabağ problemini müzakirə etdi. Amma gün kimi aydındır ki, Qazaxıstan həmişə Azərbaycanın tərəfində olub və indi də belədir. Geri qalmışıq. Xarici siyasətimiz 1960-cı illərin səviyyəsindədir.

3.  Rusiya Azərbaycanı silahlandırır və "dördgünlük müharibə"də uduzmağımızın səbəblərindən biri də budur. Atəşkəs də Rusiyanın təşəbbüs ilə oldu. Bizə "müttəfiq və dost" olduğunu deyən Rusiya, əslində, Ermənistanı çoxdan satıb.

4. Rusiyanın Gümrüdəki 102-ci bazası nə işlə məşğul olur və bu baza bizə gərəkdirmi?Baza bizi kimdən qoruyacaq - Türkiyədən?! Rusiya və Türkiyə arasındakı münasibətlərin pozulduğu indiki şəraitdə həmin baza, əslində, ermənilər üçün təhlükədir. Çünki Rusiya və Türkiyə arasında silahlı münaqişə başlasa, türklər "rusiya hərbçilərinin vurulması" adı ilə Ermənistan ərazilərini bombalayacaqlar. Rusiyadan köhnəlmiş, 1980-ci illərin silahlarını və hərbi texnikasını alırıq. Bunu Ermənistan prezidenti Serj Sarkisyan Almaniyada olanda etiraf etdi. Azərbaycan isə ən müasir silah və hərbi texnikaya malikdir. Məsələn, azərbaycanlılar "kamikadze" dronlar vasitəsilə mövqelərimizi vurdular, Sisyandan Dağlıq Qarabağa yollananan könüllülərin olduğu avtobusu partlatdılar. 

Ermənistanın Müdafiə Nazirliyi hara baxır, nə işlə məşğul olur?! Hərbi-müdafiə sənayemiz bərbad vəziyyətdədir və bu səbəbdən də Rusiyanın öz ordusundan çıxardığı köhnəlmiş silahları valyuta ilə almaq məcburiyyətindəyik.5. Avrasiya İqtisadi Birliyi və KTMT-də üzvlük Ermənistana nə verdi? Qoy, Ermənistanın rəhbərliyi buna cavab versin. Rusiyadan gətirilən köhnə avtomobillərə tətbiq olunan rüsumun azaldılmasından savayı bu üzvlüyün bizə nə xeyri var axı?! Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bizə də pis təsir etdi. Üstəlik, kommunikasiya sahəsində İranla birgə layihələrə Rusiya icazə vermir. Belədirsə, biz müstəqil ölkəyik, yoxsa Rusiyanın vilayəti?! Rusiyanın tərkibindəki Çeçenistan faktiki olaraq Ermənistanla müqayisədə daha çox hüquqlara malikdir. Ermənistan iqtisadiyyatında Rusiya şirkətlərinin nəzarətindəki sahələrin heç biri rentabelli işləmir. Yarıtmaz fəaliyyətin hesabını isə erməni xalqı ödəyir.

Suallar çoxdur. İndisə həmin suallara cavab vermək zamanıdır. Xarici siyasətdəki səhvlərin, hakimiyyətin yarıtmaz qərarlarının hesabını cəbhədə erməni əsgərləri canları ilə ödəyirlər".

Mənbə: Milli.Az

12 may 2016
GO BACK