Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Vyanada görüşə bilərlər.
Milli.Az Admiral.Az-a istinadən bildirir ki, bu barədə İrəvandakı diplomatik mənbə məlumat verib. Danışıqlar zamanı Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək. Mənbənin sözlərinə görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.
Lakin ekspertlər hesab edirlər ki, hazırda bu görüşlər barədə Azərbaycan tərəfi konkret söz deməyib. Millət vəkili Zahid Oruc bildirib ki, bu görüş o qədər də asan olmayacaq. Onun sözlərinə görə, prezidentlərin görüşü barədə hələlik çağırışlar edilib."Rusiyanın təşəbbüsü ilə dövlət rəhbərlərinin görüşü gözlənilən idi. Çünki 2-5 aprel döyüşlərindən sonra Putinin çağırışı, Lavrovun müdaxiləsi, Medvedevin müəyyən cəhdləri və s. tərəfləri növbəti Qarabağ müharibəsindən daşındıra bildi. Ancaq hər kəs bilir ki, ağır arteleriya cəbhə xətti boyunca toplanıb. Bu əvvəlki illərlə xeyli fərqli vəziyyət deməkdir. İndi əsgərlər münasibətləri avtomat vasitəsilə aydınlaşdırmırlar. İndi tankalar və ağır texnikalar işə qoşulub. Bu artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib Belə olanda dövlətlər arasında danışıq əsgərlərin, zabitlərin vasitəsilə baş verir. Hərbçilər danışır. Bu mövqe Azərbaycanın ziyanına deyil. Aprel döyüşləri Azərbaycanın mövqeylərini gücləndirib. Ermənilər bunu çox yaxşı bilir. Buna görə də, Ermənistan tərəfi məlum dördgünlük müharibdən sonra hərbi məğlubiyyətlərini Azərbaycanın 1994-cü il sazişini pozması ilə əlaqələndirdilər. Onlar bunu bəhanə edərək müxtəlif şərtlər irəli sürür. Buna qarşılıq olaraq, Azərbaycan tərəfi haqlı olaraq bəyan edir ki, danışıqlardan asılı olamayaraq, erməni təxribatlarına hər zaman cavab veriləcək", - deyə Zahid Oruc bildirib.
Millət vəkili deyir ki, Sarkisyan danışıqlardan sonra nə gözlədiyinin fərqindədir. O yaxşı anlayır ki, Azərbaycan tərəfi siyasi cəhətdən də öz mövqeyini gücləndirmək üçün addımlar atacaq. Lakin deputat görüşün Vyanada, yaxud Rusiyada oalcağının dəqiq bilinmədiyini deyir:
"Görüş Vyanada olacaq, yoxsa, Rusiya tərəfləri hərbi cəhətdən sakitləşdirdiyi kimi, o biri tərəfdən də öz məkanında görüşlər təşkil edəcəkmi? Bu, hələ dəqiq bilinmir.
"Prezidentlər səviyyəsində sülh danışıqları bərpa olunacaqsa, bu yalnız Ermənistana kəskin təzyiqin hesabına baş verəcək. Onlarsa istəyirlər ki, guya Azərbaycanı avanturist kimi təqdim etsinlər. Danışıqlar zamanı da bundan istifadə edərək Qarabağ tərəfini şərt kimi sırısınlar. Bu isə qeyri-realdır. Azərbaycan kəskin olaraq bəyan edəcək ki, Ermənistan tərəfinin hər pozduğu sülh danışığı mütləq cəbhə xəttində əksini tapacaq".
Politoloq İlqar Altay isə prezidentlərin bu danışıqlarından sonra çox şeyin müsbətə doğru dəyişəcəyini düşünür. Siyasətçi fikirlərini admiral.az-la bölüşərkən bu görüşlərdən sonra böyük dəyişiklər olacağını bildirib. Onun sözlərinə görə, bu əvəvlki illərdəki danışıqlara bənzəməyəcək:"Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri bir neçə dəfə baş tutmuşdu. Bu məsələ o qədər uzanmışdı ki, görüşlərdən böyük nəticələr gözləmirdik. Amma Azərbaycan Ordusunun aprelin əvvəlindəki güclü əks həmləsi 20 ildən çox davam edən Qarabağ münaqişəsinə dönüş gətirdi. Düzdür, müharibə 3-4 günlük oldu. Qısa gündə bu qığılcım böyük alovun yaranmasına səbəb oldu. Ona görə müharibə vəziyyətində dönüş nöqtəsinin yaranması çox vacibdir. İndi İlham Əliyevin görüş zamanı atacağı adımlardan böyük gözləntilər var. Biz bilirik ki, artıq Azərbaycan öz mövqeyində üstünlük təşkil edir. Dünyada Ermənistanın mövqeyi işğalçı olaraq ifşa olunub. Artıq dünya siyasətçiləri, hətta ermənipərəst politoloqlar da Ermənistanın haqsız mövqe tutduöunu deyirlər. Ermənistanın müharibəyə son qoymasını tələb edirlər. Təbəl olunur ki, ermənilər Azərbaycan torpaqlarından çıxsınlar. İndi Ermənistanın özü də silkələnməyə başlayıb. Ermənistandakı siyasətçilər, işğalçı siyasəti yürüdən "dahilər"i də fikirlərini dəyişiblər. Bu səbəbdən də prezidentlərin görüşündən böyük gözləntilərimiz var. Hər bir addımda yenilik olacaq. Cəmiyyət də bunu hiss edir, xalqın nümayəndəsi kimi mən də belə hiss edirəm.Hesab edirəm ki, prezidentimiz İlham Əliyev böyük nəticələrlə geri dönəcək".
Mənbə: Milli.Az