Apreldəki 4 günlük müharibədən sonra sülh danışıqlarının tezliklə və daha effektli məcrada bərpa olunacağına bəslənən ümidlər doğrulmadı. İşğalçı Ermənistanın yeni və absurd şərtlər irəli sürməsi, Rusiyanın isə ona ciddi təzyiqlər göstərməməsi danışıqları dalandan çıxarıb konstruktiv məcraya yönəltməyə imkan vermədi. Bu isə münaqişə zonasında yeni və daha genişmiqyaslı hərbi toqquşmanın qaçılmazlığı deməkdir.
Doğrudur, bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov, ardınca isə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova yaxın zamanlarda Dağlıq Qarabağa dair danışıqların bərpa ediləcəyinin anonsunu veriblər. Lakin bu açıqlamalarda konkret tarix yoxdur. Bunun da başlıca səbəbi, deyildiyi kimi, erməni tərəfinin hələ də maksimalist mövqe tutması ilə bağlıdır.
Milli.Az Musavat.com-a istinadən bildirir ki, Ermənistan XİN başçısı Edvard Nalbəndyanın son açıqlaması buna şübhə yeri saxlamır. Erməni nazir jurnalistlərə bildirib ki, danışıqlarda əsas məqsəd regionda yeni zorakılıq hallarının qarşısının alınmasıdır. "Hazırda mümkün ola biləcək görüşlərin məqsədi aprel ayında baş vermiş toqquşmaların təkrarlanmasının qarşısının alınmasına, müddətsiz atəşkəs rejiminin qorunmasına və atəşkəsin pozulması hallarının araşdırılması mexanizmlərinin yaradılmasına yönəldilməlidir", - Nalbəndyan deyib.Yəni erməni tərəfini ən çox atəşkəsin qorunması, ayrı sözlə, hər hansı konstruktivlik göstərmədən işğal rejimini saxlamaq maraqlandırır. Bu isə təbii ki, Azərbaycanı qane edə bilməz. Azərbaycan işğalın bitməsi üçün 22 il dinc danışıqlarda səbirlə iştirak edib və daha neçə il boşuna gözləmək fikrində deyil. 4 günlük müharibənin təcavüzkar ölkəyə, vasitəçi dövlətlər və beynəlxalq birliyə əsas mesaj-xəbərdarlığı da elə məhz bu idi.
Mənbə: Milli.Az