“Azərbaycan əsgəri son damla qanına qədər savaşsa da o mövqelərdən geri çəkilməz. Düşmən də heç vaxt cəsarət edib o mövqelərə girməyə cəhd göstərməz. Çünki onun üçün böyük bir tələfata gətirib çıxara bilər. Düşmən özü də bunu çox yaxşı dərk edir. Baxmayaraq ki, gedişatda buna bir neçə dəfə cəhd göstərdi. Bir neçə əməliyyat keçirsə də bu alınmadı. Özü də orda yersiz itkilərinin şahidi oldu”, - deyə zabit Raul Qarayev bildirib.Ermənistan aprel 2-də cəbhədə növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
"Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus xeyli sayda hərbi texnika məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Mənbə: ANS PRESS