Milli.Az bildirir ki, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə "Heydər zirvəsi"nə qalxaraq görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad edirlər. Respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan çoxlu sayda ziyarətçilər bu aksiyada iştirak edirlər.
Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi "Heydər zirvəsi"ni xalqın ziyarətgahına çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə həyata keçməsinə hər cür şərait yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 06 may 2016-cı il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla "Heydər zirvəsi"nə doğru yürüşə başlayıblar. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edir.
Xatırladaq ki, "Heydər zirvəsi"nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 10-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-in müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.
Mənbə: Milli.Az