Azərbaycanda ailələrin boşanmasından sonra uşaqların hansı valideynin yanında qalması məsələsində yenilik ediləcək. Bu gün Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin birgə iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Bu məsələ Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihə prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olub.
Hazırda qüvvədə olan qanuna görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalmasını müəyyən etməlidir. Təklif olunan dəyişikliyə görə, isə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.
Daha bir dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparır. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.
Məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Mənbə: ANS PRESS