Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Rəis bildirib ki, ödəniş vasitəsi kimi istifadə ediləcək kartlar çiplə təchiz edilənlərdir:
"Artıq 3 ildir ki, sürücülük vəsiqələri çipli hazırlanır. Ola bilsin ki, bu vəsiqələr hazırlanarkən gələcəkdə onların balansına pul yükləməklə yanaşı, onlardan ödəniş vasitəsi kimi istifadə edilməsi də mümkün olacaq. Hətta ola bilər ki, həmin kartlardan gələcəkdə digər nəqliyyat növlərindən istifadə üçün də pul yükləmək mümkün olsun. Yəni ki, istənilən formada istifadə etmək mümkün olacaq. Onu da əlavə edim ki, bu sürücülük vəsiqələrinin təhlükəsizlik elementləri də yüksəkdir. Ancaq hələlik bu sürücülük vəsiqələrindən sadalanan məqsədlər üçün istifadə edilmir".Kamran Əliyev mətbuatda sürücülük vəsiqələrinin dəyişəcəyi barədə yayılan məlumatlara da aydınlıq gətirib: "Kartlar dəyişdirilməyəcək. Artıq 2013-cü ildən sürücülərə çipli yeni kartlar verilir. Əgər hansısa sürücünün vəsiqəsinin istifadə müddəti sona çatıbsa, ona da yeni (çiplə təmin edilmiş) vəsiqə verilir. Bu vəsiqələrdə onun sahibi haqqında məlumatlar da qeyd edilir. Bu da sürücünün başqa ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir. Hazırda vaxtı bitməyən vəsiqələr də istifadə edilir. Həmin vəsiqələri etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac yoxdur".Şöbə rəisi onu da əlavə etdi ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün, yəni yeni vəsiqələrin alınması üçün 18 manat dövlət rüsumu ödənilir.Ölkə ərazisində mövcud və işlək olan sürücülük vəsiqələri 2013-cü ilin yanvar ayından yenilənməyə başlayıb. Bu vəsiqə köhnələrdən həm ölçüsünə, həm də içərisindəki məlumatlara görə fərqlənir. Sürücülük vəsiqələrinin yenilənməsi zərurəti isə bir neçə səbəbdən yaranıb.Belə ki, yeni sürücülük vəsiqələrinin surətini çıxarmaq mümkün olmur. Bunlar təhlükəsizlik baxımından daha etibarlıdır.Bütün bunlarla yanaşı yeni sürücülük vəsiqəsinin laminasiyası da köhnə vəsiqələrdən fərqlənir. Belə ki, yeni vəsiqənin üzərində 8 guşəli ulduz, gerb və daha bir neçə işarə var ki, onun saxtalaşdırılması asan məsələ deyil.Yeni sürücülük vəsiqələri verilməyə başlayan tarixdən dövlət rüsumu da dəyişib. Əvvəllər 15 manat olan rüsum yeni vəsiqələr verilməyə başladığı tarixdən 18 manat olub. Bu dəyişiklik Azərbaycan Respublikasının dövlət rüsumu haqqında qanununa edilən dəyişiklik əsasında baş verib.
Mənbə: Milli.Az