Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasının tanınması haqqında qanun layihəsinə rəy verib. Hökumət qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək parlamentə göndərib.
ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, rəydə bildirilir ki, sözügedən qanun layihəsinin qəbulu “DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır.
Separatçı rejimin tanınması barədə qanun layihəsini “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqresi”ndən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.2013-2014-cü illərdə Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı məsələ parlamentdə müzakirə olunub. Amma qanunverici orqan qondarma rejimin “müstəqilliyini” tanımayıb.
Münaqişə zonasında baş verən son proseslərdən sonra Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasının nə qədər real olmasını şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, belə bir qərar Ermənistanın özü üçün dərin problemlər yaradar.Politoloq qeyd etdi ki, layihə səsvermədən keçərsə, böyük müharibəyə səbəb ola bilər. Ona görə də bu layihə parlamentdə yalnız qondarma rejimlə əlaqələrin möhkəmləndirilməsi kimi müzakirə oluna bilər.
Rusiya XİN başçısı İrəvanın "DQR"i tanımasına dair açıqlama verib. “Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.
Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir: "Bu, parlamentin 2 üzvünün təklifidir".
Mənbə: ANS PRESS