"Gəncə Avropa Gənclər Paytaxtı 2016"-nın rəsmi açılışı çərçivəsində tədbirlər Cavad xan küçəsində davam etdirilib.
Kəpəz TV (Region TV) xəbər verir ki, burada Azərbaycan xalqının milli adət-ənənələri nümayiş olunub. Qonaqlar qədim sənət növləri, Gəncə mətbəxi ilə tanış olublar. Üzərində "Gəncə AGP 2016" loqosunun əks olunduğu xalça kəsilib. Bayram ab-havasına bürünən küçədə qədim xalq çalğı alətləri ifaçıları öz məharətlərini göstəriblər.
Tədbir Məhsəti Gəncəvi Mərkəzinin qarşısında davam edib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi musiqili proqramla çıxış edib. Gəncədə "Gəncə AGP 2016" ofisinin də açılışı baş tutub. 3 mərtəbəli binada 23 nəfər fəaliyyət göstərir.
1000-ə yaxın könüllü "Gəncə AGP 2016 İctimai Birliyi"ndə cəmləşib. Otaqlar müasir avadanlıqlar və internetlə təmin olunub.
Qeyd edək ki, axşam saatlarında Gəncədə möhtəşəm atəşfəşanlıq olacaq. Bu, "Gəncə 2016-cı il Avropanın gənclər paytaxtı" layihəsi çərçivəsində keçiriləcək tədbirlərin bir elementidir.
Mənbə: Milli.Az