P. Bülbüloğlu bu məsuliyyətsiz qərarın nəticələrinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşəcəyini söyləyib: "Çünki bunun nəticəsi çox mənfi olacaq. Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə həllinə hazırıdır. Əgər bu baş verməyəcəksə, biz münaqişənin hərbi yolla həllinə hazırıq. Əlbəttə, biz istəmirik ki, insanlar həlak olsun. Lakin bizə başqa çıxış yolu qoymurlar. Münaqişənin dondurulması çıxış yolu deyil. Problemin həlli çox sadədir. Beynəlxalq hüquq var. İşğal altındakı torpaqlar geri qaytarılmalıdır. Ermənistan qoşunları oradan çıxarılmalıdır. Son hadisələr də göstərdi ki, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri vuruşur. İkinci məsələ Dağlıq Qarabağın statusu məsələsidir. Amma öncə işğal altındakı torpaqlar azad olunmalıdır. Bu məsələ həll olunan məsələdir. 20 ildən çoxdur ki, ATƏT-in Misnk qrupu bu məsələ ilə məşğul olur. Təkliflər masa üzərindədir. Lakin Ermənistan tərəfi bütün hallarda qərarların icra edilməsindən qaçır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ermənistanın son addımı isə danışıqlar prosesindən imtina etməkdir. O zaman biz nə etməliyik? Ermənistan danışıqlar prosesindən imtina edirsə, bizə başqa yol qoymur".
Mənbə: Milli.Az