Müdafiə Nazirliyi, Qusar İcra hakimiyyəti (İH) və Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə işçi qrupunun birgə keçirdiyi mərasim Qusardakı hərbi hissənin qarşısından start götürüb. Nazirlik, Qusar İH nümayəndələri, hərbçilər buradan Qubanın Digah kəndi ərazisində yerləşən Qanlı dərəyə gəliblər.
98 il əvvəl bu dərədə qanı tökülmüş dinc sakinlərin ruhu anılıb, Digah kəndinin sakinləri ilə geniş söhbət aparılıb.
Ehtiyatda olan general-leytenant, əslən Digah kəndindən olan Yaşar Aydəmirov 1918-ci il hadisələrində 16 mindən çox dinc insanın ermənilər tərəfindən öldürüldüyünü deyib. Onun sözlərinə görə, bu dərədə yaşayan insanlar çəkinmədən erməninin qarşısına çıxıblar.
Daha sonra iştirakçılar Qusar şəhərində Qanlı dərə qəhrəmanlarının xatirəsinə salınmış abidəni ziyarət edərək əklil qoyublar. Mərasim Qusardakı hərbi hissədə dəyirmi masa ilə davam edib.
Mənbə: Milli.Az