Qadin.NET / Hərbi xidmətdən qayıdanlar işinə bərpa olunmalıdırmı?

Hərbi xidmətdən qayıdanlar işinə bərpa olunmalıdırmı?

Hərbi xidmətdən qayıdanlar işinə bərpa olunmalıdırmı?
Bir sıra hallarda müddətli hərbi xidmətə yollanan şəxslər hərbi xidmətini başa vurub qayıtdıqdan sonra öz əvvəlki iş yerlərinə bərpa oluna bilmirlər. Belə hallara özəl müəssisələrlə yanaşı, dövlət qurumlarında da rast gəlinir. Bəzən bu mübahisələr məhkəmə müstəvisinə də çıxır.Müşahidələr göstərir ki, hərbi xidmətdən qayıdanların öz əvvəlki iş yerlərinə bərpa edilməməsinin günahı çox zaman işəgötürənlərdə olur. Belə ki, onlar çox zaman yalnız maraqlarını düşünərək qanunlara əməl etmirlər. Amma keçmiş işçinin öz günahı və ya səhlənkarlığı ucbatından da işdən çıxdığı hallar olur.Bununla bağlı qanunvericilikdə yer alan məsələləri Milli.Az-a şərh edən vəkil, hüquqşünas-ekspert Asif Abdullayev bildirib ki, müddətli həqiqi hərbi xidmətdən qayıdan şəxs sonuncu iş yerinə bərpa olunmaq hüququna malikdir: "Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, işçi hərbi xidmətə çağırıldıqda onunla bağlanmış əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayaraq xitam verilir. Bu əsasla işdən azad edilən işçiyə orta əmək haqqının iki misli miqdarında müavinət ödənilməlidir. Əvvəllər mövcud olmamış, lakin 2008-ci ildə Əmək Məcəlləsinin 77-ci maddəsinə edilmiş doqquzuncu hissəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Maddənin məzmununa əsasən, istər dövlət müəssisəsində, istərsə də özəl sektorda çalışan şəxs, hərbi xidmət keçməklə bağlı işdən azad edildiyi təqdirdə, xidmətini başa vurduqdan sonra, işə bərpa olunmaq hüququna malikdir".A.Abdullayev qeyd edib ki, müddətli həqiqi hərbi xidmətə çağırılanadək həmin müəssisədə işləmiş şəxs, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə və ya peşəyə qayıtmaq hüququna malikdir: "Hətta həmin işçinin vəzifəsində başqa işçinin çalışdığı halda, əgər hərbi xidmətdən qayıtmış şəxs öz vəzifəsinə bərpa olunmaq barədə ərizə veribsə, onun yerində çalışan işçinin əmək müqaviləsinə tərəflərin istəyindən asılı olmayaraq, Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin "ə" bəndinə əsasən xitam verilməlidir. İşə bərpa olunmaq üçün ərizə vermiş şəxsin ərizəsi işəgötürən tərəfindən təmin edilmədiyi halda, hüququnun pozulduğunu aşkar etmiş işçi bir ay ərzində məhkəməyə müraciət edə bilər".

Lakin ekspertin sözlərinə görə, 60 təqvim günü ərzində işlədiyi müəssisənin işəgötürəninə rəsmi qaydada ərizə ilə müraciət etməyən şəxs bu müddət keçdikdən sonra artıq vəzifəsinə bərpa edilmək hüququnu itirmiş olur.

Mənbə: Milli.Az

3 may 2016
GO BACK