Ulu öndər Heydər Əliyevin portreti, daha sonra "Bakı-2015 ilk Avropa oyunları"nın loqosunu canlandıran gəncəli gənclər bu dəfə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" loqosunun təsvirini yaratmaqla gənclər paytaxtından Avropaya səsləniblər.
Səhər saatlarıdır və şəhərin baş meydanında böyük izdiham yaşanır. Gəncə gəncləri yenidən bir araya gəliblər. Kəpəz TV (Region TV) xəbər verir ki, bu dəfə məqsəd "Gəncə Avropa Gənclər Paytaxtı 2016" loqosunun canlı təsvirini yaratmaqdır.
Bu gün bu meydana toplanan gənclər bir daha vahid və həmrəy olduqlarını nümayiş etdirirlər. Üstəlik sadəcə Azərbaycana yox, bütün Avropaya...
10 min 152 gənc Heydər Əliyev Meydanında daha bir rekorda imza atmaqla Avropaya da səslənib:
Gənc: "Biz Gəncədənik".
Gənc: "Biz Azərbaycandanıq".
Gənc: "Biz Avropadanıq".
4000 il yaşı olan qədim şəhərin gənc nümayəndələri günlərlə davam edən hazırlıqların sonunda əldə olunan nəticədən özləri də razı qalıb...
Mobil Qarayev - layihə rəhbəri: "Bu Gəncə gənclərinin uğurudur. Hər birini təbrik edirəm. Çox gözəl alındı. Çox sevinirəm. Çox şadam".
Bu ilk deyildi. Son da olmayacaq. Gəncə bundan sonra da genişmiqyaslı fləşmoblara, yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bugünkü fləşmobdan geri qalansa bu möhtəşəm görüntülər oldu...
Mənbə: Milli.Az