Qadin.NET / "Görüntü naminə danışıqlar aparılmasının heç bir mənası yoxdur"

"Görüntü naminə danışıqlar aparılmasının heç bir mənası yoxdur"

"Görüntü naminə danışıqlar aparılmasının heç bir mənası yoxdur"
"Görüntü naminə danışıqlar aparılmasının heç bir mənası yoxdur".

Milli.Az bildirir ki, bunu Tərtər rayonundakı "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşən Ali Baş Komandan, Prezident İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunur: "Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir. Düzdür, onlar bunu açıq şəkildə bəyan etmirlər. Onlar həmişə çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Bunu görərkən əlbəttə ki, onlar növbəti təxribatlara əl atmağa qərar verdilər. Bu da aprelin əvvəlində baş verdi. Yenə də onlar silahlı təxribat törətmiş, bizim mövqelərimizə hücum çəkmişlər. Azərbaycan Ordusu böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi.

Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Sadəcə olaraq görüntü naminə danışıqların aparılmasının heç bir mənası yoxdur. Beləliklə, aprelin 5-də razılığa gəlindi ki, atəşkəs rejimi bərpa edilməlidir. Biz buna əməl etdik, bu gün də əməl edirik. Ancaq əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır və aprelin 5-dən bu günə qədər elə gün olmur ki, atəşkəsi pozmasın. İlk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. Bizim 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilmişdir. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür".

Prezident qeyd edib ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır: "Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Heç bir beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasətini dəstəkləmir. Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar.

Bir daha demək istəyirəm, biz çalışacağıq ki, Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirək. Diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Çünki bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir, artmışdır. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu maddi təchizat baxımından güclü ordular sırasındadır. Orduda nizam-intizam yüksək səviyyədədir. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Biz bu məsələni həll etməliyik və edəcəyik".

Mənbə: Milli.Az

 

2 may 2016
GO BACK