Ali Baş Komandan cəbhə bölgəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mühüm tezislər səsləndirib. Azərbaycan prezidenti vurğulayıb ki, Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.
Prezident qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
Milli.Az Azvision.Az-a istinadən bildirir ki, prezidentin cəbhə bölgəsinə səfərini şərh edən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, ölkə başçısının səsləndirdiyi tezislərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı sülh prosesinə hər zaman sadiqdir:
"Düşmən tərəf zəifliyinin göstəricisi olaraq, daha çox dinc əhalini, yaşayış məntəqələrini seçir. Bu, birbaşa onun təsdiqidir ki, düşmən ordumuzla üz-üzə dayana bilmir. Erməniləri özlərini terrorçu kimi aparır və əliyalın, dinc əhalini hədəf alır. Ermənistandan fərqli olaraq Azərbaycanın bu məsələdə mövqeyi dəyişməzdir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb və işğal altındakı ərazilərimizin geri qaytarılması ilə bağlı qətiyyətli siyasətini davam etdirəcək.
Hazırki situasiyaya görə məsuliyyət Ermənistanın, havadarlarının və beynəlxalq ictimaiyyətin üzərinə düşür. Ən böyük məsuliyyyəti ATƏT-in Minsk qrupu daşıyır.
Dünənki çıxışında ölkə başçısı ictimaiyyət nümayəndələrini əmin etdi ki, mütləq ərazi bütövlüyümüz təmin olunacaq və bunun üçün bütün imkanlar var".
Mənbə: Milli.Az