Bakı Marafonu 2016 müxtəlif millətlərdən olan insanları vahid məqsəd naminə Bakıda toplamış möhtəşəm hadisədir. Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib.
Nazir deyib: "Ümid edirəm bu, gözəl ənənəyə çevriləcək və gələcək
də gözəl şəhərimizə dünyanın hər yerindən insanları cəlb edəcək. Bütün bunların Azərbaycanın Dövlət bayrağı fonunda baş verməsi çox əladır. Burada gözəl ab-hava var".
Marafonda hansı nəticələr göstərməyə ümid etməsi sualına isə nazir cavabında deyib ki, 1,5 saat duruş gətirməyə ümid edir.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.
Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.
Marafon saat 10:00-da başlayıb.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Mənbə: Milli.Az