"Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir".
Ermənistan parlamentində səslənən bu açıqlama tək ermənilərin ali qanunverici məclisində yox, cəmiyyətdə və mediada "bomba partlayışı" effekti yaradıb.
Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər ərazilərinə ermənilərin heç bir hüququnun olmaması barədə etiraf Ermənistan parlamentinin vitse-spikeri, iqtidarda olan Ermənistan Respublika Partiyasının önəmli funksionerlərindən biri Ermine Nağdalyana məxsusdur.O, Ermənistanda Seçki Məcəlləsinə əlavələr və dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirə edildiyi iclasda çıxış edərkən belə deyib.
"Dağlıq Qarabağın statusu və gələcəyi ilə bağlı danışıqlar qaçılmazdır. Ona görə referendum keçiriləndə, statsusla bağlı qərar qəbul olanda və dünya birliyinin də qarabağlı ermənilərin dövlət müstəqilliyini tanıması üçün konkret addımlar atmağa başlayanda deməliyik ki, hüququmuz olmayan torpaqları istəmirik. İndi əlimizdə, nəzarətimizdə olan o torpaqlara heç bir hüququmuz yoxdur", - E.Nağdalyan söyləyib.
Ermənistan parlamentinin vitse-spikeri bu bəyanatının ölkədə, habelə qarabağlı ermənilər və xarici ölkələrdəki erməni diasporunda çox böyük rezonans doğurduğunu anlayanda geri çəkilib, özünə bəraət qazanmağa çalışıb: "Kütləvi informasiya vasitələrimiz həmişə olduğu kimi sözlərimi təhrif ediblər, olmayanları olan, deyilməyənləri deyilən kimi təqdim ediblər. Mən indiki vəziyyətdən yox, 2010-2011-ci illərdəki situasiyadan, Madrid prinsiplərindən danışmışam. Ölkəmizin rəsmi mövqeyindən fərqlənəcək bir kəlmə də deməmişəm. Artıq neçə ildir ki, biz danışıqları "ərazilər əvəzinə status" variantı əsasında aparırıq. Belədirsə, sözlərimdə qəribə, anlaşılmaz nə olub ki?!"
Ermənilərsə belə düşünmürlər. Ermənistan mediası E.Nağdalyanın çıxışı ilə bağlı xəbərləri "Vitse-spikerdən azərbaycanlılara hədiyyə", "Erməniyə erməni zərbəsi", "Ermənistan Dağlıq Qarabağ ermənilərini hərraca çıxarır?" və s. bu tipli başlıqlarla təqdim ediblər.
E.Nağdalyanın açıqlamasını "şüurun qapanması" adlandıran ermənilər də az deyil.
Mənbə: Milli.Az