Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlarla bağlı irəli sürdüyü 3 şərti şərh edib. ANS PRESS-in məlumatına görə, nazir bildirib ki, şərtlərlə bağlı heç nə dəyişməyəcək.
“Bir tərəfdən deyirlər ki, danışıqlar olmayacaq. Digər tərəfdən isə deyirlər ki, biz Azərbaycanı danışıqlara məcbur edəcəyik. Azərbaycan dəfələrlə bəyan edib ki, status – kvo qəbuledilməzdir. İrəvanda, bəlkə, fikirləşirlər ki, belə şərtlərlə münaqişənin həllini 25 il də uzada bilərlər. Amma belə deyil. Bu məsələ tez həll edilməlidir”.
Nazir deyib ki, bu şərtlərlə sülh prosesini sürətləndirmək mümkün olmayacaq. Bu, sülh prosesinə zərbə vuracaq.Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.
Şarmazanovun sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:
- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
- Ünvanlı bəyanatlar;
- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət verilməsi.
Mənbə: ANS PRESS