Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Oleq Şelaginov deyib.Onun sözlərinə görə, monitorinq imtahanlarında alınmış əhəmiyyətli nəticələrdən biri də yazı işlərinin (eləcə də esselərin) qiymətləndirilməsi prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizminin işlənib hazırlanmasıdır: "Bu mexanizm respublikada qiymətləndirmə sahəsində tətbiq edilən yeni bir metoddur. Monitorinq imtahanlarının yazı işlərinin qiymətləndirilməsində bu metod artıq 3 ildir ki, tətbiq edilir. Alınan nəticələr bu metodun yazı işlərinin qiymətləndirilməsi sahəsindəki çətinliklərin aradan qaldırılması ilə bağlı müsbət fikirlər deməyə əsas verir".O.Şelaginov deyib ki, yazı işlərinin bu və buna oxşar üsullarla qiymətləndirilməsi beynəlxalq təcrübədə də (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) var: "2015-ci ildə keçirilmiş monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili çap edilib və PDF faylı şəklində TQDK-nın rəsmi internet saytında yerləşdirilib (http://tqdk.gov.az/activities/monitorinq-exam/). Bu materialda müəllimlər və şagirdlər üçün də çox faydalı ola biləcək metodik təhlillər var. Bütün təhsil ictimaiyyətini, müəllimləri monitorinq imtahanlarının elmi-statistik təhlili ilə tanış olmağa, təhlillə bağlı rəy və təkliflərini bildirməyə çağırırıq".O.Şelaginovun sözlərinə görə, yazı işlərinin qiymətləndirilməsi üçün tətbiq edilən yeni mexanizm imkan verir ki, qarşıdakı illərdən başlayaraq respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında şagirdlərə yazı işi tapşırıqları da verilsin və onların bu tapşırıqlar üzrə yazıları hər hansı subyektiv təsirlər olmadan (buraya yazı işlərini yoxlayanların öz fərdi, subyektiv yanaşmaları da daxildir) qiymətləndirilsin.O.Şelaginov əlavə edib ki, monitorinq imtahanlarının V-XI sinif şagirdləri arasında keçirilməsi nəzərdə tutulur: "Bu imtahanların əsas məqsədləri təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi, şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərin aşkara çıxarılması, yeni qiymətləndirmə alətlərinin hazırlanması, yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizmini formalaşdırmaqdır. Monitorinq imtahanlarının nəticələri hüquqi xarakter daşımır, yəni imtahanda iştirak edən şagirdlər üçün fərdi olaraq nəticə elan edilmir".Qeyd edək ki, imtahanlar ana dili (Azərbaycan bölməsi şagirdləri üçün Azərbaycan dili, rus bölməsi şagirdləri üçün rus dili) və riyaziyyat fənləri üzrə keçirilir. İmtahanlarda şagirdlərə açıq tipli tapşırıqlar da təqdim olunur.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Bir sıra hüquqi prosedurlar yerinə yetirilənədək TQDK öz fəaliyyətini davam etdirəcək. DİM fəaliyyətə başladıqdan sonra monitorinq imtahanları həmin qurum tərəfindən keçiriləcək. Hazırda isə monitorinq imtahanlarını TQDK keçirir.
Mənbə: Milli.Az