ANS PRESS-in Baş Prokurorluğun yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Ermənistan Silahlı Qüvvələri aprelin 27-28-də Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdam və Tərtər rayonlarının ərazilərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktları ilə bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq aparılır.Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində Ağdam rayonunun Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu mərminin yanında partlaması nəticəsində qətlə yetirilib, həmin kəndin, həmçinin Ağdam rayonunun Qaradağlı və Əfətli kəndlərinin 6 sakini qəlpə xəsarətləri alaraq yaralanıblar. Onlardan birinin vəziyyəti ağırdır.Qeyd edilən yaşayış məntəqələrində, eləcə də Tərtər rayonunun Qapanlı, Həsənqaya, Qazyan və Qaynaq kəndlərində onlarla ev, orta məktəb və digər sosial obyektlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib.Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.
Mənbə: ANS PRESS