Ər və arvadın orta maaşa (472 manat) işlədiyi iki nəfərlik ailədə bu yolla ev almaq kirayə qalmaqdan daha məntiqli sayılır. Çünki bu cür mənzillərin ipotekaya götürülməsi üçün lazım olan aylıq ödəniş təxminən 400 manata bərabərdir. Gənclər bu cür evləri ipotekaya götürməyi, təbii ki, ayda 350 manat verib kirayə qalmaqdan qat-qat üstün sayırlar. Əmlak bazarı sahəsində çalışan analitiklər də ipotekanı sektor üçün çox vacib aktivlik qaynağı sayırlar. "İlk ipoteka kreditlərinin verildiyi 2009-cu ildən başlayaraq ipoteka ilkin mənzil tikintisinin əsas aktivlik qaynaqlarından biridir. Kredit götürən evi təkrar mənzil bazarından alsa da həmin pul dövr edərək sonda ilkin mənzil bazarına yönəlir. Bu isə tikinti və tikinti materialları sektorlarının canlanması, minlərlə yeni iş yeri deməkdir", - deyə “MBA” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov ANS PRESS-ə müsahibəsində bildirib.Nüsrət İbrahimovun fikrincə, 2016-cı ilin dövlət büdcəsində ipoteka üçün nəzərdə tutulmuş 50 milyon manatın ayrılması gerçəkləşdirilərsə, bu, sektorda ciddi canlanma yarada bilər: "Ötən il mənzil ucuzlaşdı və artıq bazarda durğunluq var. İpoteka üçün ayrılmış pullar sektora verilsə, bütövlükdə 100-110 milyon manatlıq mənzil satışıdır. Bu, 2 mindən çox mənzil deməkdir. Həmin pullar sektorda ciddi canlanma yarada bilər".
Mənbə: ANS PRESS