Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarının nəticələri təhlil edilərək konkret tapşırıqlar qoyulub və tövsiyələr verilib. Nazir bildirib ki, Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə zərbələri zamanı bölmələrimizin fəaliyyəti ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. "Dövlət və xalqın diqqət və qayğısı sayəsində ordumuz bu uğura nail olub.Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib və ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməkdən əl çəkmir. Bu ölkənin cinayətkar rejimi bütün beynəlxalq norma və prinsiplərə məhəl qoymur, hər bir imkandan istifadə edərək xalqımıza qarşı təxribatlar törətməyə çalışır. Bu istiqamətdə ermənipərəst qüvvələr də ölkəmizə qarşı təzyiqlərdən çəkinmirlər. Ermənilərin dinc əhaliyə və təmas xəttindəki yaşayış məntəqlərimizə qarşı törətdiyi son əməllərinə Ordumuz tutarlı cavab verdi. Vacib əhəmiyyətə malik yüksəklikləri azad edərəknəzarətə götürməklə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmiş olduq.Bununla belə düşmən təxribatlarına qarşı cavab tədbirləri görməyə hər an hazır olmalıyıq. Şəhid ailələrinə və yaralılara hərtərəfli diqqət və qayğı göstərilməli, onların problemləri digər icra strukturları ilə qarşılıqlı əlaqədə həll edilməlidir.Biz bu döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş təcrübəsini təkmilləşdirərək şəxsi heyətin qələbə əzmini daha da yüksəltdik. Xalqımızın Orduya inamı artdı və vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verildi", - deyə nazir Z.Həsənov bildirib.
Mənbə: AMS PRESS