Xəstəliklər daha çox qışda olur, yoxsa yazda?
Həkim bildirir ki, həqiqətən də qış ayları virusların asanlıqla yayıldığı dövrdür. Məktəb kimi qapalı mühitlərdə viruslar yayıldığından uşaqlar daha tez xəstələnirlər: "Uşaqların çoxu bunun öhdəsindən asanlıqla gəlir, digərləri isə yox. Ən vacib məqam isə qış aylarında uşaqların xəstə olmasına alışmağımızdır. Bəs havalar isinəndə? Yaz-yay aylarında uşaqlar tətilə getdiyi, hava isti olduğu halda yüksək hərarət, qızdırma, öskürək, boğaz ağrıları müşahidə edilir. Bu yerdə vacib bir məqama toxunmaq lazımdır. Hər xəstəlik virus qaynaqlı deyil və soyuqlama başqa uşaqdan mikroba yoluxma nəticəsində yaranmır. Üstəlik, havanın isti olduğu vaxtlarda badamcıq iltihabı çox zaman virus deyil, bakteriya dediyimiz, antibiotiksiz keçmə ehtimalı aşağı mikrobun fəaliyyət qazanması nəticəsində meydana çıxır. Bu bakteriya çox vaxt bizim öz vücudumuzda onsuz da olan, səssiz-sədasız gözləyən bir bakteriyadır".
İnsanın ağız və boğaz yolunda milyonlarla bakteriya yaşayır. Bunların bəziləri xəstəlik yaratma potensialına malik bakterialardır, bir çoxu isə "sağlam flora bakteriyaları" dediyimiz xəstəlik yaratmayan, tam əksinə, xəstəliklərin qarşısını alan mikroblardır: "Bu dost bakteriyalarla xəstəlik yaradanlar arasındakı tarazlıq qorunduğu müddətdə problem ortaya çıxmır. Lakin hər hansı formada dost bakteriyalar zərər görür və xəstəlik yaradanlar fəaliyyətə keçir. Bax, bu zaman problemlər yaranır. Xaricdən mikrob qəbul etmədən belə, öz mikrobumuzla xəstələnirik".
Sağlam bakteriyalar həssasdırlar, qorunmaq istəyirlər
Uşaqlarda ağız və boğazdakı sağlam flora tarazlığını pozan ən əhəmiyyətli faktor reflüksdür. Reflüks mədə turşuluğunun hər hansı formada ağız-boğaz yoluna qayıtmasıdır. Həkim bildirir ki, mədədəki bu turşu xəstəlik yaradanlarla müqayisədə çox həssas və kövrək olan sağlam dost bakteriyalara çox sürətlə zərər verir: "Sağlam bakteriyalar öldükdə və sayı azaldıqca aranı nəzarətsiz görən xəstəlik yaradan mikroblar fürsəti əldən vermirlər və boğaz iltihabı özünü göstərir. Reflükslə bağlı boğaz iltihabı yaz-qış tanımır. 40 dərəcə istidə belə, ola bilər. Üstəlik, uşaqlarda reflüksü inkişaf etdirən ən əhəmiyyətli faktor pis qidalanmaqdır. Ona görə də uşaqlara qarşı daha diqqətli olmaq lazımdır. Kafein ehtiva edən kakaolu qidalar, şokoladlı şirniyyatlar, qəhvə, qazlı, buzlu içkilər, dondurmalar, hamburger, pizza, kartof qızartması, ketçup, mayonez və bunlara bənzər bir çox qidalar gizli reflüks yaradan ünsürlərdir".
Buna görə də allerqoloq yaz-yay aylarında uşaqların sadə formada qidalanmasını məsləhət görür. O, süfrələrdə sobada bişən, az yağlı, az souslu qidaların, təzə meyvə-tərəvəzin bol olmasını məsləhət görür: "Uşağınızın qazlı və soyuq içkilər yerinə sadə su içməsini təmin edin. Dondurmanın paketdə və şokoladlı olanını deyil, sadə və meyvəli olanına üstünlük verin. Bütün günü yemək yaxşı hal deyil. Yemək saatlarına sadiq qalın. Uşağınızın yatmazdan əvvəlki 2-3 saatda yeməsinə icazə verməyin. Yemək sonrası dərhal hovuz və ya dəniz kimi fiziki fəaliyyət tələb edən yerlərdən çəkindirin. Yeməkdən sonra ən az 1 saat uşağınızın sakit bir zaman keçirməsini təmin edin".
Sağlam ailənin sağlam övladı olur
Ailənin sağlam olması uşaqların sağlam olması deməkdir. Unutmaq olmaz ki, uşaq deyiləni deyil, gördüyünü edir. Uşağınızın sağlam qidalanmasını istəyirsinizsə, özünüzdən başlayın. Bir çox qərb ölkəsində yeniyetmələrin 30 faizi ən az həftədə 1 dəfə reflüks şikayəti ilə həkimə müraciət edir. Bu isə o deməkdir ki, son illər bu xəstəliyin sayı artıb. Ona görə özünüz və uşağınız üçün yaz-yay aylarını ancaq yemək-içmək zamanı deyil, sağlam həyat tərzi üçün fürsətə çevirin.
Mənbə: Milli.Az