Qadin.NET / Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"

Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"

Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"
Millət vəkili Qənirə Paşayeva AŞ PA-da "Büronun İnkişaf qətnaməsi"nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycana qarşı ittiham dolu çıxış edən Samvel Farmanyana sərt cavab verib.

Milli.Az-ın məlumatına görə, Q.Paşayeva qeyd edib: "Mən burada başqa bir çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmi, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməliyik - bunlardan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyanın ölkəm əlehinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm. Mən sizə işgalçı Ermənistan hərbçilərinin anasının gözləri önündə qətlə yetirdiyi 16 yaşındakı Türanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətlə yetirilən Dadaşov Qaraşın ailəsinin və son günlərdə ön cəbhədə Ermənistan hərbçilərinin atəşkəsi pozaraq qətlə yetirdiyi və yaraladığı, evlərini dağıtdığı onlarla mülki azərbaycanlı ailənin çağırışlarını səsləndirmək istəyirəm".

Millət vəkili əlavə edib ki, aprel ayında Ermənistan atəşkəsi pozaraq mülki azərbaycanlıları, kəndləri hədəfə alaraq bir neçə mülki vətəndaşı qətlə yetirmiş, çoxlu sayda evləri dağıtmışdır:

"Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adından burada çıxış edən Farmanyan, təəssüf olsun ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətllərə səssiz qalaraq, həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışır. Ermənistan ordusu 2 apreldən başlayaraq Ermənistanın işgal etdiyi Azərbaycan topraqlarında qurduğu mövqelərdən atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat törətdi. Bunu xüsusilə bilməyinizi istəyirik. Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar iki ölkənin sərhədində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu atışmada mülki insanlarımızı qoruyaraq həlak olan Azərbaycan əsgərləri, hərbçiləri öz torpaqlarını qoruyurdular. Bəs Ermənistan əsgər və hərbçiləri orada nə gəzirdilər? Farmanyandan soruşun ki, sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi var idi? Mən burada sizin yanınızda soruşuram. Cavab versin görək, nə işi vardı? Çünki Ermənistan işğalçılığını davam etdirərək hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmir. Mən Farmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞ PA prezidenti Pedro Aqramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞ PA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiq etməyə və ədalətin yanında olmağa çağırırıq".

Mənbə: Milli.Az

18 aprel 2016
GO BACK