Azərtac xəbər verir ki, Xaçmaz şəhəri ərazisində, eləcə də bəzi kəndlərdə onlarla ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə aşıb. Şəhərin Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli evlərdən birinin dam örtüyü tamamilə yararsız vəziyyətə düşüb.Külək rayonun elektrik təsərrüfatına daha çox ziyan vurub. 0,4 və 10 kilovoltluq hava xətlərində yaranan problemlərlə bağlı bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.Xaçmaz Elektrik Şəbəkənin rəisi Seymur Hacıyev AZƏRTAC-a bildirib ki, külək 20-dən çox elektrik dirəyinin aşmasına və 2 transfarmatorun zədələnməsinə səbəb olub. Hazırda müəssisənin işçi briqadaları fəsadların aradan qaldırılmasına səfərbər edilib. Artıq rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub.Hazırda da Xaçmazda güclü külək əsməkdə davam edir. Müvafiq strukturlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
Mənbə: Milli.Az