Qadin.NET / Ermənistan cəmiyyəti başını itirib

Ermənistan cəmiyyəti başını itirib

Ermənistan cəmiyyəti başını itirib
Birinci Qarabağ savaşından sonra ilk dəfə olaraq qoşunların təmas xəttində yaşanan irimiqyaslı hərbi əməliyyatlar Ermənistan cəmiyyətində sözün hər mənasında ajiotaja, ruh düşgünlüyünə səbəb olub. Azərbaycan regionlarında izdihamlı aksiyalar, erməni işğalına qarşı edilən çıxışlar qarşı tərəfi də analoji addımlar atmağa vadar edib. Təşkil edilən bu aksiyalar o qədər sönük keçir ki, hakimiyyət onları qabartmağa da utanır. 

Bunun əvəzində isə Rusiya əleyhinə çıxışlar və nifrət hissi güclənir. Onsuz da rus əsgər erməni ailəsini qətlə yetirəndən sonra bu narazılıq güclü idi. O zaman hakimiyyət narazıları inandırmağa çalışırdı ki, Rusiya və onun bazası Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ancaq hadisələrin gedişi göstərdi ki, bu heç də belə deyil. Rusiya işğal altında olan ərazilərdə başlanan son hadisələrdə ermənilərə açıq dəstək göstərə bilmədi və deyək ki, heç bu fikirdə də olmayıb. Bir neçə gün ərzində Rusiya prezidenti Vladimir Putindən səs çıxmadı. Bu da ermənilərin ciddi narazılığına səbəb olub. Eləcə də Rusiyanın Azərbaycana satdığı ən müasir silahlar narazılıq mənbəyinə çevrilməkdədir. Artıq açıq şəkildə erməni nəşrləri Rusiyanı, onun liderlərini ittiham etməyə başlayıb. 

Məsələn, "Armeniareport" saytı Rusiya baş naziri Dmitri Medvedyevin səfərini kəskin şəkildə tənqid edib. "Qatilin emissarı" başlıqlı yazıda Rusiya prezidenti qatil kimi xarakterizə edilir. Müəllif yazır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya, baş nazir Dmitri Medvedyev isə Yerevana getməklə bir məqsəd güdüblər - Ermənistanın işğal etdiyi rayonları Azərbaycana qaytarmaq. S.Lavrov Bakıya səfəri zamanı da rayonların qaytarılması məsələsini qaldırıb. "Bu heç bir halda yol verilməzdir. Gəlin bir anlığa təsəvvür edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiya prezidentinə Krımın Ukraynaya qaytarılmasını deyir. Bu zaman reaksiya necə olar? Dərhal Nalbandyan tənqidlərlə üzləşə bilər. Bizdə isə heç kim Lavrovu ittiham edə bilməz. Bu isə o anlama gəlir ki, bizim hökumət yenə də fakt qarşısında qalıb. İndi bir məsələni aydınlaşdırmaq qalır. Axı bu, Rusiyanın nəyinə lazımdır?" - deyə müəllif sual edir. Müəllif Rusiya prezidentini Azərbaycana ən müasir silahlar satmaqda ittiham edir: "Rusiya prezidenti onun günahı üzündən ölən oğullarımızın xatirəsini anmaq üçün Yerevana gəlmək istəmədi". 

Ümumiyyətlə, Rusiyaya doğru ittihamlar üstüörtülü şəkildə ən yüksək dairələrdə də vurğulanmaqdadır. Almaniyada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan "DW" nəşrinə müsahibəsində "Rusiya bizim müttəfiqimizdir, amma Azərbaycana silah satır" sözlərini işlədib. Ən maraqlısı isə Sarkisyanın müsahibədə artıq özlərini Rusiyanın Cənubi Qafqazda forpostu kimi görmək istəməmələrini deməsi olub: "Mən heç bir zaman deməmişəm ki, Rusiya bizim himayədarımızdır. Heç kim bizim himayədarımız ola bilməz. Rusiya heç bir zaman Türkiyənin Azərbaycanda oynadığı rol kimi Ermənistanda rol oynamayıb". S.Sarkisyan kəskin şəkildə bəyan edib ki, Rusiyanın Azərbaycana silah satmasının əleyhinədirlər. 

Erməni nəşrləri, həmçinin Yerevanda Dmitri Medvedyevin Serj Sarkisyanla görüşünü şərh edirlər. S.Sarkisyan ona şikayət edib ki, Azərbaycan Rusiyadan aldığı silahlardan tam gücü ilə istifadə edib: "Dmitri Anatolyeviç, əminəm, siz bilirsiniz ki, azərbaycanlıların son vaxtlar Rusiyadan aldığı silahlardan tam gücü ilə istifadə etməsi faktı Ermənistanda böyük rezonans doğurub. Bu da başadüşüləndir. Çünki Ermənistanda xalq Rusiyanı yaxın müttəfiqi hesab edir". Daha sonra Sarkisyan Avrasiya İqtisadi İttifaqının üzvlərindən də şikayətlənib: "Dmitri Anatolyeviç, mən təəssüf edirəm ki, Avrasiya İqtisadi İttifaqına üzv olan bəzi tərəfdaşlarımız əvvəlcədən planlaşdırılmış tədbirdə iştirak etmək üçün Yerevana gəlməkdən imtina etdilər. Mən bilmirəm, onlar bununla Azərbaycana nə qədər kömək etdilər. Amma bizim təşkilatın nüfuzunu aşağı saldıqları dəqiqdir". 

Rusiya baş naziri isə S.Sarkisyanın silahlar haqqında dediklərinin üzərində dayanmamağa üstünlük verib. O, qeyd edib ki, hazırda əsas məsələ sülhün qorunması və danışıqlar masası arxasına qayıtmaqdır. Rusiya hökumətinin başçısı Aİİ üzvləri ilə bağlı Sarkisyanın gileyinə də münasibət bildlirib: "Mən Aİİ-dəki həmkarlarımızla danışacağam. Yəqin ki, onları müəyyən qədər başa düşmək olar. Çünki mövcud vəziyyət barədə yaxşı məlumatlı deyillər. Nə baş verdiyi, nə baş verəcəyi barədə yaxşı məlumatlı deyillər. İndi əsas məsələ tepmi aşağı salmamaq və hər hansı süni problem yaratmamaqdır". 

Öz növbəsində, "Lragir" nəşri yazır ki, Serj Sarkisyan istefa verməyə məcburdur. "Ordumuz ağır məğlubiyyət aldı və rəqib uzun illərdir möhkəmləndiyimiz strateji əhəmiyyətli yüksəklikləri tutdu. Bizi aldatmağa davam edirlər ki, strateji əhəmiyyətli yüksəkliklər qaytarılıb. Onlar itkilərin həqiqi sayını gizlədirlər, hərçənd həqiqəti gizlətmək mümkün deyil. Xüsusən, hökmdarlarımız bizi həmişə inandırırdı ki, rəqibin təhdidləri boş səsdir. Onlar bizi aldadırdılar ki, Rusiya Azərbaycanın açıq hücumlarına imkan verməyəcək" - deyə sayt yazıb. Yazıda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatı "çox təhlükəli" adlandırılıb: "Amerikalı həmsədr bildirdi ki, münaqişənin həlli üçün Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı və torpaqlar Bakıya qaytarılmalıdır. Bu isə onu göstərir ki, ərazilərin taleyi haqqında ABŞ və Rusiya səhnə arxasında razılaşır. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti hadisələrin bu cür təhlükəli gedişatına hazır deyil. Təhlükənin dərəcəsi artmaqda davam edir".

Beləliklə, proses artıq başlanıb. Narazılıqlar hələ qabaqdadır. Erməni cəmiyyəti cəbhə zonasında baş verənlərin miqyasını hələ də tam başa düşməyib. İtkilərin və itirilən ərazilərin miqyasını anladıqdan sonra vəziyyət bütün çılpaqlığı ilə üzə çıxacaq. Bax onda Sarkisyanın xunta rejiimi etirazlara cavab tapa bilməyəcək. Bu da rejimin sonunu daha da yaxınlaşdırmış olacaq.

Mənbə: Milli.Az

10 aprel 2016
GO BACK