Qadin.NET / Mehriban Əliyeva: "Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir"

Mehriban Əliyeva: "Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir"

Mehriban Əliyeva: "Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir"
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna aprelin 7-də Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın adından ehsan verilib. Heydər Məscidində təşkil olunan ehsan mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli.Az Azərtac-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşdü.Şəhid analarına və onların doğmalarına dərin hüznlə başsağlığı verən, yaralılara şəfa diləyən Mehriban Əliyeva dedi:Hörmətli xanımlar, əziz analar, əziz bacılar cəbhə xəttində vətən uğrunda həlak olmuş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xahiş edirəm həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Mehriban Əliyeva dedi: Analara, valideynlərə, qohumlara Allah səbir versin. Yaralanmış, xəsarət almış əsgərlərimizə Allah şəfa versin. Bu gün bizim qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər. Bu günlər bütün xalqımız həm qələbə sevinci, qələbə duyğusu, eyni zamanda, kədər hissi yaşayır.Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir.Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz. Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün biz güclü və birgə olmalıyıq. Əminəm ki, biz bu sınaqdan da birgə şərəflə çıxacağıq. Allah hər zaman Azərbaycanı qorusun!

Mənbə: Milli.Az

 

7 aprel 2016
GO BACK