“Azərbaycan və Ermənistan təmas xəttində tərəflərin bir-birinə etimad etməsi məsələsi vacibdir. Həmçinin münaqişənin siyasi həlli üçün yollar tapılmalıdır”. ANS PRESS-in məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirilən mətbuat konfansında deyib.
Onun sözlərinə görə, Rusiya hər iki ölkə ilə yaxın olan dövlət kimi əlindən gələni edəcək ki, son illər əldə olunan nailiyyətlər davam etdirilsin."Prezident Vladimir Putin hər iki ölkə rəhbəri ilə danışıqlar aparıb. Ümid edirik ki, atəşkəs razılaşması davam edəcək. Baş nazir Medvedyev bu gün Ermənistan, sabah isə Azərbaycana gəlir. Biz dost kimi Azərbaycan və Ermənistana münaqişənin həllində kömək edəcəyik. Razılaşmanın bütün komponentləri masa üzrərindədir”, - deyə Lavrov bildirib.Amma Rusiya xarici işlər naziri təklifin detalları barədə açıqlama verməyib.Lavrov həmçinin bildirib ki, ötən gün Bakıda apardığı görüşlər və sabah Ermənistandakı görüşləri Rusiyanın səylərinizi ortaya qoyur.Sergey Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qərb ölkələrinə nisbətən daha çox maraqlıdır. "Regionun tranzit strukturu pozulub. İtkilər baş verir. Hər gün snayperlər cəbhənin o biri tərəfindəki snayperlə üz-üzə dayanır. Bu hadisələrin baş verməməsi üçün tədbirlər görülməlidir". İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də cəbhədə baş verən son hadisələrə toxunub. Zərif bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır. “Atəşkəş rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır”.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir.“Sergey Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan itkisinə səbəb olur. Sülh yolu ilə həll çox vacibdir. Biz bu çərçivədə həlli dəstəkləyirik. Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır. Müharibə elə bir şeydir ki, hər iki tərəfə ziyan verir. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir. Sonra digər məsələlər, monitorinqin aparılması, təhlükəsizlik məsələləri nəzərdən keçirilməlidir”.
Mənbə: ANS PRESS