“Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü ilə bağlı hazırlıq işləri aparılır". ANS PRESS-in məlumatına görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, görüş Azərbaycanda keçiriləcək: "İran prezidenti daha öncə Azərbaycana səfər edib. Sonra Azərbaycan prezidentinin İrana səfəri baş tutdu. İran prezidenti üçtərəfli görüşdə iştirak etməkdən məmnun olacaq".
Rusiya, İran və Azəbaycan prezidentləri arasında ikilikdə bir neçə dəfə görüş keçirilib. Rusiya prezidenti Vladimir Putin ötən il iyunun 12-də Bakıda səfərdə olub. O, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edib.
İlham Əliyev Vladimir Putinin Azərbaycan səfərini yüksək qiymətləndirib. “Ölkələrimiz arasında münasibətlər çox müsbət və dinamik inkişaf edir. Bu əlaqələr ildən-ilə daha da yüksəlir. Biz Sizinlə müntəzəm olaraq Moskvada, Bakıda və digər yerlərdə görüşürük. Həmçinin bizim nazirlər müxtəlif səviyyədə görüşlər keçirir və müzakirələr aparırlar. Bütün istiqamətlərdə fəal dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir, iqtisadi sahədə yaxşı nəticələr var”.
Mənbə: ANS PRESS