Qadin.NET / Merkel Sarkisyanla görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Merkel Sarkisyanla görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Merkel Sarkisyanla görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Almaniya kansleri Angela Merkel Berlində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Angela Merkel bildirib ki, Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipinin durması önəmli uğurdur. Almaniya kansleri həmin prinsiplərin millətin öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina olduğunu bildirib.

“Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır”, - deyə Merkel vurğulayıb.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində bunu qərbin mövqeyində Azərbaycanın xeyrinə nisbi də olsa irəliləmə sayır: “Əsas müəmma millətin öz müqəddaratını təyin etməsi pirinsipi ilə bağlıdır. Madrid prinsiplərində bu məsələ tərəflər tərəfindən müxtəlif cür yozulur. Azərbaycan, təbii ki, bunu öz ərazi bütövlüyü  çərçivəsində yüksək səviyyəli muxtariyyət kimi görür. Amma Ermənistan ilk addım kimi Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edir”.abil Hüseynlinin fikrincə, Madrid prinsiplərini irəli sürən qərb dövlətlərinin bu məsələdə konkret mövqe bildirməsi də məsələni qəlizləşdirir: “Merkelin ərazi bütövlüyü prinsipini önə çəkməsi bir qədər irəliləmədir. Əslində, belə də olmalıdır. Dünyada 5500 xalq var, onların yalnız 200-ü öz müqəddaratını müstəqil dövlət kimi müəyyən edib. Həmin 200 xalqın içində ermənilər də var, yəni bu hüquqları təmin edilib. Buna görə də Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi üçün referendumun yalnız keçmiş muxtar vilayətdə keçirilməsi Helsinki prinsiplərinin pozulmasıdır. Referendum bütün Azərbaycanda keçirilməlidir”. 

Mənbə: ANS PRESS

7 aprel 2016
GO BACK