Gürcüstanın eks prezidenti Mixail Saakaşvili son günlər cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, hazırda Ukraynanın Odessa şəhərinin qubernataoru olan siyasətçi öz şəxsi "Facebook" səhifəsində 2012-ci ildə Azərbaycan milli məclisindəki çıxışı zamanı Məhəmməd Əmin Rəsulzadənin sözlərini - ”Bir kərə yüksələn bayraq bir daha enməz” sitata gətirmişdi. Bu gün Saakaşvili həmin çıxışın video kadrlarını paylaşıb və bu sözləri bir daha təkrarlayıb. Təmas xəttində gərginlik aprel ayının 2-si gecə saatlarından başlayıb. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Düşmənin qərarhag məntəqəsi dağıdılıb, ermənilərə məxsus onlarla hərbi texnika, o cümlədən tank və artilleriya, mühəndis qurğuları məhv edilib. O cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Azərbaycan Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Mənbə: ANS PRESS