“Son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər. Bununla əlaqədar bildiririk ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.” – deyə Müdafiə Nazirlıiyinin bəyanatında bildirilir.
Bundan əvvəl isə Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər ünvanlanaraq işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə son günlərdə keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirmişdilər.
Müdafiə Nazirliyinin rəhbərliyi isə Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirmiş və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə etmişdi.
Mənbə: ANS PRESS