Qadin.NET / Orta məktəb bəlasını Dövlət Komissiyası rəqəmlərdə göstərdi

Orta məktəb bəlasını Dövlət Komissiyası rəqəmlərdə göstərdi

Orta məktəb bəlasını Dövlət Komissiyası rəqəmlərdə göstərdi
2015-ci ildə ümumtəhsil müəssisələrinin 88366 məzunu olub.

Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, son on bir ildə məzunların sayı 34742 nəfər azalıb: "Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son on bir ildə məzunların sayı 28.22% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3488 nəfər artıb".

Məlumata görə, 2015-ci ildə sənəd verənlərin 66.04%-ni ötənilki məzunlar təşkil edib: "Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66 və 2014-cü ildə 64.05% olub. Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 31.24%-i I, 30.06%-i II, 24.55%-i III, 8.08%-i IV, 6.06%-i isə V qrupun payına düşür. Ötən illə müqayisədə plan yerləri I qrupda 0.67, II qrupda 4.56, III qrupda 4.13, V qrupda 5.04%-i artıb, IV qrupda isə 0.41% azalıb".

Azərbaycanda abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, attestatda bütün qiymətləri "5" olan abituriyentlərlə bütün qiymətləri "3" olan abituriyentlərin imtahan balları müqayisə edilib: "Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97.02%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 48.46%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.
 
Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik.
 
Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) "əla", digər məktəbdə (rayonda) "kafi" qiymətləndirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib. Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin".

Mənbə: Milli.Az

29 mart 2016
GO BACK