Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri Xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildirdilər.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı verdilər.Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq etdi.Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyov martın 22-də dünyasını dəyişib.Nasir, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb. Maqsud İbrahimbəyov 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1988), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005). Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti olub. “Şöhrət” (1995), “İstiqlal” (2005) və "Şərəf" (2015) ordenləri ilə təltif olunub. Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.Bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir."Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilmişdir (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Kuba (1967) vəİspaniyaya (1980) sovet nümayəndə heyətinin tərkibində rəsmi səfərdə, Monqolustan (1978) və Almaniya Demokratik Respublikasında (1980) yaradıcılıq ezamiyyətində olmuşdur. Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilmişdir.
Mənbə: ANS PRESS