Bundan əvvəl terror hadisələri vaxtı dünyasını dəyişənlərin qohumları tərəfindən qaldırılan 100 milyard dollar təzminat tələb edən məhkəmə iddiasında şikayətçi tərəfin vəkilləri İranın hücumu həyata keçirən kamikadzelərə dəstək verməsi barədə dəlilləri məhkəməyə təqdim etmişdi. Hadisələrə görə məsuliyyət daşıdığı iddia olunan Səudiyyə Ərəbistanı isə bu prosesdən kənarlaşdırılmışdı. 2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdilər. Terrorçulardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum etməklə binaların dağılmasına səbəb oldular.
Digər təyyarələrdən biri Pentaqonun binasına dəyərək binanın bir hissəsini uçurmuşdu. Təyyarələrdən biri isə hədəfə çatmadan qəzaya uğramışdı. Rəsmi məlumata görə, hücumlar nəticəsində 19-u terrorçu olmaqla 3 minə yaxın insan öldürüldü. Bu hadisələr Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşdü.
Usama Bin Ladenin başçılığı altında törədilən terror aktına cavab olaraq bir qədər sonra rəsmi Vaşinqton Əfqanıstanda hərbi əməliyyatlara başladı. NATO-nun bu ölkədə uzun müddət çəkən hərbi əməliyyatlarından sonra 2 may, 2011-ci il tarixində Usama Bin Laden 54 yaşında xüsusi əməliyyatlar nəticəsindəPakistanda gizləndiyi evində öldürüldü.
Mənbə: ANS PRESS