Qadin.NET / Dövlət xəstəxanalarında pulsuz tibbi xidmətlə bağlı qanuna əməl olunmur

Dövlət xəstəxanalarında pulsuz tibbi xidmətlə bağlı qanuna əməl olunmur

 

Dövlət xəstəxanalarında pulsuz tibbi xidmətlə bağlı qanuna əməl olunmur

2008-ci ilin fevralından Azərbaycanda dövlət xəstəxanaları pulsuz tibbi müalicə və müayinəyə keçib. Dövlət xəstəxanalarına müraciət edən sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə,  tibbi müalicə və müayinənin, o cümlədən doğuşun pulsuz olması  yalnız sözdədir. 

 

Xəstəxanalara övlad dünyaya gətirmək üçün müraciət edənlərdən bəzi dövlət xəstəxanaları, ya pul almamış doğuşa buraxmırlar, ya da onlara çox laqeyd yanaşırlar. Ötən ay dövlət xəstəxanalarının birində övlad dünyaya gətirən Xədicə Aslanova da  həmin tibb müəssisəsində pulsuz xidmətin olmadığını qeyd etdi:“Doğuşdan bir gün öncə xəstaxanada yerləşdirilmişdim. Təzə gələndə xəstəxana daxilinə vurulan elan lövhələrində burada vətəndaşlara pulsuz tibbi xidmət göstərildiyi və lazımi dərmanların pulsuz verildiyini oxumuşdum. Amma yazılar elə yazı olaraq da qaldı. Doğuşa və digər müalicələrə görə pul istəyirlər. Deyəndə ki, hər şey pulsuz olmalıdı, bu onların xoşuna galmirdi.  Mən də məcbur olub  nə istəyirdilər verirdim ki, bircə üç gün özümə də, uşağıma da yaxşı baxsınlar”.Xanım şikayətçi onu da bildirdi ki, pul verməyən xəstələrə laqeyd münasibət göstərirlər.  Xədicə Aslanova  xəstəxanada qaldığı 3 gün müddətində  400 manata yaxın pul xərclədiyini dedi.Xədicə Aslanova  dövlət xəstəxanalarının xidmətindən narazı qalan yüzlərlə sakindən biridir. Onun kimi xəstələrin sayı kifayət qədərdir. Onların dediklərindən bəlli olur ki, dövlət xəstəxanasında bir övlad dünyaya gətirmək üçün  ən azı 300 manatından keçməlisən. Xəstələrin doğuş üçün dövlət xəstəxanalarına müraciət etmələrinin başlıca səbəbləri özəl tibb müəssisələrində qiymətlərin  həddindən artıq yüksək olmasıdır. Amma dövlət xəstəxanalarına da gələnlərin burada kifayət qədər pul xərclədiyini nəzərə alsaq, imkansız insanların vəziyyətini təsəvvür etmək heç də çətin deyil. 

Mənbə: ANS PRESS

11 mart 2016
GO BACK