İçərişəhərdə “Novruz – Bahar Festivalı” keçiriləcək. Dövlət Tarix Memarlıq Qoruğundan ANS PRESS-ə verilən məlumata görə, Novruz bayramışənliklərinin bu il də təntənəli keçirilməsi nəzərdə tutulub. Festival mart ayının 20-si və 21-də olacaq.
Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq. “Meydan Bazarında” ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı keçiriləcək. Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənlik olacaq. Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.
Mənbə: ANS PRESS