Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun açılışında iştirak ediblər.Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldın açıb. Dövlət başçısı tədbirdə nitq söyləyib.Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu başlayır. Forum iki gün davam edəcək. Martın 10-11-də keçiriləcək IV Qlobal Bakı Forumunda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri iştirak edəcəklər. Bundan başqa, tədbirdə 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir. Forum İnterAction Council, Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
Mənbə: ANS PRESS