Qadin.NET / Manatla verilən kreditlər artacaq

Manatla verilən kreditlər artacaq

Manatla verilən kreditlər artacaq
Yaxın perspektivdə Azərbaycanda kommersiya bankları tərəfindən  manatla verilən kreditlərin artacağı gözlənilir.

Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, "Mərkəzi Bank haqqında" qanununda dəyişikliklər edilməsi barədə prezident  İlham Əliyev tərəfindən imzalanmış 4 mart 2016-cı il tarixli qanun bunun üçün zəmin yaradır.Yeni dəyişikliyə görə, "Mərkəzi Bank haqqında" qanunun 1.14.49-cu maddəsi aşağıdakı redaksiyada verilib: "Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.""Əksər kommersiya banklarının mərkəzləşmiş kreditlərə çıxışı təmin ediləcək və bankların manatla kredit vermək üçün imkanı artacaq".İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramovmüsahibəsində bu dəyişikliyin ölkə üzrə manatla kreditlərin artmasına səbəb olacağını bildirib: "Bu, mərkəzləşmiş kreditlərin kommersiya bankları arasında proporsional şəkildə paylanmasına səbəb olacaq. Yəni kommersiya bankının likvidliklə bağlı  problemi olduqda Maliyyə Bazarlarına Nəzarət Palatası mərkəzləşdirilmiş resurslar üçün Mərkəzi Banka (AMB) müraciət edə bilər. Bu müraciətdən  sonra AMB iki gün ərzində ona cavab verməlidir.  Bu cavab əsaslı olmalıdır. Bunun nəticəsində əksər kommersiya banklarının mərkəzləşmiş kreditlərə çıxışı təmin ediləcək və bankların manatla kredit vermək üçün imkanı artacaq".Bu, devalvasiyadan sonra ticarət dövriyyəsində və iqtisadiyyatın digər sahələrində yaranmış problemlər baxımından indiki məqamda çox vacibdir. AMB-nin statistikasına görə, 2015-ci ildə baş vermiş  100%-lik devalvasiyadan sonra bankların manatla kreditləri kəskin azalıb. Əgər 2015-ci ilin yanvar ayında ölkə üzrə manatla verilmiş kreditlərin toplam məbləği  13 milyard 561,4 milyon manat olubsa, 2016-cı ilin yanvar ayında bu göstərici  10 milyard 206,7 milyon manata düşüb. Göründüyü kimi, bir il ərzində 25% azalma olub. Bundan əvvəl isə manatla kreditlərin toplam göstəricisi ardıcıl olaraq artırdı. 2014-cü ilin yanvar ayında bu göstərici 11 milyard 140,5 milyon manat, 2013-cü ilin yanvar ayında isə 8 milyard 580,6 milyon manat olmuşdu. Göründüyü kimi, hər il təxminən 2 milyard manat artan bu göstərici son bir il ərzində 3 milyard manatdan çox azalıb.  Hazırda  banklar müştərilərə yalnız dollarla kredit təklif edir, müştərilərin  xeyli hissəsi isə bundan imtina edir və yalnız manatla kredit istəyirlər. Nəticədə, ölkə üzrə kredit fəallığı, uyğun  olaraq iş fəallığı aşağı düşür.Mərkəzləşmiş vəsaitləri kreditləşdirməyə yönəldən banklar istənilən halda devalvasiya riskindən sığortalanmış olurlar.İndi müştərilər əmanətləri dollarla qoyduğundan bu banklar da devalvasiya risklərini nəzərə alaraq,  kreditləri dollarla verməyə məcbur olurlar.  Mərkəzləşmiş vəsaitləri kreditləşdirməyə yönəldən banklar isə istənilən halda bu cür riskdən sığortalanmış olurlar.   Yəni manatla aşağı faizləri götürdükləri vəsaitləri manatla kreditə yönəltdiklərinə görə əldə etdikləri faiz fərqi banklara qazanc kimi qalır.           Mərkəzləşmiş kreditlər isə bir neçə banka verilir və geniş müştəri bazasına xidmət göstərən əsas banklar əsasən depozitlər hesabına likvid vəsaitlər əldə edə bilirlər. Bu isə kredit dərəcələrinin yüksəlməsinə səbəb olur.  Mərkəzləşmiş kreditlərdən kənarda qalan banklar son dəyişikliyə qədər AMB-yə  etiraz da edə bilmirdilər, çünki  lisenziyanı AMB-dən alırdılar və onların fəaliyyətinə də AMB nəzarət  edirdi. "Qanunvericilikdəki son dəyişmələrdən sonra Mərkəzi Bank yalnız  uçot fəaliyyəti ilə məşğul olacaq.  Banklara və valyuta bazarına nəzarət isə  Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib. Yəni AMB bir qədər ABŞ federal rezerv sisteminə bənzədilib", - deyə Vüqar Bayramov vurğulayır.AMB-dən  əsas funksiyalarını qəbul etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın perspektivdə iki əsas işi təmin etməlidir. Birincisi, manat yenidən əsas maliyyə vasitəsi kimi pul-kredit təşkilatları üçün aparıcı alətə çevrilməlidir ki, manata təzyiqlər dayansın. Palata həm də manatın  yumşaq devalvasiyası  nəticəsində ölkə iqtisadiyyatını idxal recimindən xilas etməli, həmçinin Azərbaycan mallarının xaricdə rəqabət qabiliyyətini təmin etməlidir. Yəni  yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan iqtisadiyyatını balanslaşdıraraq odla suyun arasından keçirib aparmalıdır. Hələ ki, oddan yanıb sudan boğulanların sayı çoxdur.

Mənbə: Milli.Az

 

10 mart 2016
GO BACK